20 aprel 2006

"Azərbaycan: sivilizasiyalararası dialoqun keçmişi və bu günü" mövzusunda beynəlxalq konfrans işini davam etdirir

"Azərbaycan: sivilizasiyalararası dialoqun keçmişi və bu günü" mövzusunda beynəlxalq konfrans aprelin 20-də "Yaxt-klub"da işini davam etdirmişdir.


Konfransın ikinci günü "Latın dialoqu", "Din, sekularizm və müasirlik", "Postmüasirlik və tənqidi düşüncə" bölmələrində üç iclas keçirilmişdir. Xarici işlər nazirinin müavini Xələf Xələfovun "Azərbaycan müasir dünyada: reallıqlar və strateji prioritetlər", Yean Baudrillardın "Dialoqdan kənarda qalanlar", Fransua L`yvonnetin "Aralıq dənizi regionunda yeniliklər", AMEA-nın müxbir üzvü Vasim Məmmədəliyevin "İslam alimlərinin qlobalizasiyaya baxışı", Bayram Balçının "İslam və sekuralizm arasında: Mərkəzi Asiya və Qafqazın türkdilli respublikalarında Türkiyənin dini siyasəti", Sergio Paulo Rouanetin "Mədəniyyətlərarası kontekstdə səbəb və düşüncə", Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Rafiq Əliyevin "Azərbaycançılıq ideyası, unitar sekular dövlət sistemi ideyası" mövzularında məruzələri və başqa çıxışlar dinlənilmişdir. Sonra məruzələrlə bağlı qarşılıqlı fikir mübadiləsi aparılmış, elmi-dini, mədəni-siyasi mövzularda söhbətlər, diskussiyalar keçirilmişdir.


Azərbaycanda din-dövlət münasibətləri, mövcud qanunvericilik bazası, adət-ənənələr, dinlərin qarşılıqlı münasibətləri, dini sektalar və qurumlarla iş təcrübəsi, tolerantlıq, qloballaşma dövründə mədəniyyətlərarası münasibətlərə alim və din xadimlərimizin, dövlət rəsmilərinin yanaşmaları müxtəlif ölkələrin təmsilçilərində böyük maraq doğurmuşdur.


Konfrans iştirakçıları Azərbaycan Prezidenti İlham Əliyevlə görüşdən dərin, zəngin təəssürat aldıqlarını vurğulamışlar. Onlar Bakının tarixi, mədəniyyət abidələri ilə tanışlıqdan məmnunluq duyduqlarını bildirmiş, qədim musiqi sənətimizin əsası olan muğamın qorunub saxlanmasına göstərilən dövlət qayğısını, eləcə də Heydər Əliyev Fondunun bu sahədəki fəaliyyətini, təhsil və mədəniyyətlə bağlı layihələrini, beynəlxalq əməkdaşlığı genişləndirməsini, YUNESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın xeyriyyəçilik fəaliyyətini yüksək qiymətləndirmişlər.


Konfrans aprelin 21-də başa çatacaqdır.