Heydər Əliyev Fondunun həyata keçirdiyi "Yeniləşən Azərbaycana yeni məktəb" Proqramına əsasən, Quba rayonunun Amsar və Cek kəndlərində iki məktəb binası inşa edilərək, istifadəyə verilmişdir.
Amsar kənd orta məktəbi, əvvəllər, uçuq binada, bir hissəsi isə mədəniyyət evində yerləşirdi, dağlara sığınmış Cek kəndinin balaca sakinləri isə təhsil almaq üçün qonşu kəndlərə üz tuturdular. Hər iki kənd sakinlərinin Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun Xoşməramlı Səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevaya müraciətindən sonra, Amsar kəndində 13 sinif otağından ibarət 240 yerlik məktəb binası inşa olunmuş, zəruri avadanlıq və internet şəbəkəsinə qoşulmuş kompüter otağı ilə təchiz edilmişdir. Cek kəndinin də məktəb problemi artıq həll olunmuşdur. Açılış mərasimlərində çıxış edən kənd sakinləri, rayon ictimaiyyətinin və məktəbin inşasında iştirak edən tikinti şirkətinin nümayəndələri, müəllimlər onların müraciətlərinə qısa müddət ərzində əməli işlə cavab verən Heydər Əliyev Fonduna, onun prezidenti, YUNESKO-nun Xoşməramlı Səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarını bildirmişlər.