21 aprel 2006

"Azərbaycan: sivilizasiyalararası dialoqun keçmişi və bu günü" mövzusunda beynəlxalq konfrans başa çatıb

"Azərbaycan: sivilizasiyalararası dialoqun keçmişi və bu günü" mövzusunda beynəlxalq konfrans aprelin 21-də başa çatmışdır.


Beynəlxalq konfransın sonuncu günü "Transmədəniyyətlər və sərhədlər", "Hegemoniya və hökmranlıq" bölmələrində iki iclas keçirilmişdir. "Azərbaycan və Avrasiya inteqrasiyası", "İmperiyanın sərhədlərində transmədəni tələlər: müasir dövrdə Avrasiyanın islam həmsərhədliliyi", "Xəzər dənizi və Bakı-Tbilisi-Ceyhan boru kəməri", "Hegemoniya dövründə müxtəliflik və plüralizm", "Qloballaşma və universitetlərin tapşırığı", "Postislamizmi gözləmədə" və sair mövzularda məruzələr dinlənilmiş, çıxışlar olmuşdur. Müxtəlif ölkələri təmsil edən elm, mədəniyyət, incəsənət xadimləri mövzularla bağlı qarşılıqlı fikir mübadiləsi aparmış, elmi-dini, mədəni-siyasi mövzularda söhbətlər, diskussiyalar keçirmişlər.


Konfransın yekununda belə bir fikir də xüsusi vurğulanmışdır ki, Avrasiyanın mərkəzində yerləşən Azərbaycan həm də Şərq və Qərb mədəniyyətlərinin ən yaxşı ənənələrinin qovuşduğu məkandır, burada mövcud olan din-dövlət münasibətləri, dinlərin qarşılıqlı münasibətləri, dini sektalar və qurumlarla iş təcrübəsi, tolerantlıq, qloballaşma dövründə mədəniyyətlərarası münasibətlər təqdirəlayiqdir və orijinallığı ilə fərqlənir, bu sahədə ölkədə zəngin təcrübə toplanmışdır. Bütün bunlar müxtəlif ölkələrin təmsilçilərində xüsusi maraq yaratmışdır.


Konfrans iştirakçıları Azərbaycan Prezidenti İlham Əliyevlə və ölkənin birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyeva ilə görüşlərdən zəngin təəssürat aldıqlarını vurğulamış, Latın Mədəniyyəti Akademiyası ilə Heydər Əliyev Fondu arasında yaranmış əlaqənin bundan sonra da davam və inkişaf edəcəyinə inandıqlarını bildirmişlər.


Qonaqlar tədbirin yüksək səviyyədə keçirilməsi üçün yaradılmış şəraitdən razılıqlarını da ifadə etmişlər.


Konfrans başa çatdıqdan sonra qonaqlar İçərişəhəri gəzmiş, Suraxanı atəşgahı, Qobustanın qədim qayaüstü təsvirləri ilə tanış olmuşlar.