1992-ci il fevralın 25-dən 26-na keçən gecə Azərbaycan xalqının tarixinə qara hərflərlə yazıldı. Düz 14 il əvvəl erməni işğalçıları müasir dünyanın gözü qarşısında Xocalı soyqırımını törətdilər. Həmin gecə erməni silahlı dəstələri SSRİ dövründə Xankəndi şəhərində yerləşən, komanda və şəxsi heyətinin böyük hissəsi ermənilərdən ibarət olan 366-cı motoatıcı alayının zirehli texnikası və hərbiçilərinin köməyi ilə Xocalı şəhərini yerlə yeksan etdilər, yerli əhaliyə amansızcasına divan tutdular.
Xatın, Liditsa, Oradur soyqırımları kimi, azğın ermənilərin Xocalı qətliamı da insanlıq tarixinə düşmüş qanlı olaydır. Erməni təcavüzkarlarının Azərbaycan xalqına qarşı törətdikləri bu növbəti kütləvi qırğın 613 nəfərin, o cümlədən 106 qadının, 63 uşağın, 70 qocanın həyatına son qoydu. 1275 dinc sakin əsir götürüldü, 150 nəfərin taleyi isə hələ də məlum deyil.
Bu soyqırım aktı nəticəsində bir çox ailələr bütünlüklə məhv edilmiş, mülki əhali görünməmiş qəddarlıqla qətlə yetirilmişdir. Diri adamların dərisi soyulmuş, gözləri çıxarılmış, əsir götürülənlərə isə amansız işgəncələr verilmişdir.
Beynəlxalq hüquqa əsasən, həmin əməllərin qabaqcadan düşünülmüş qaydada, milli əlamətinə görə, insanların tamamilə və ya qismən məhv edilməsi niyyəti ilə törədilməsi məhz soyqırım olduğunu sübut edir. Erməni silahlılarının mülki insanlara qarşı törətdikləri bu vəhşilik və vandalizm aktı bəşəriyyətin əsl soyqırım kimi tanıdığı faciələrlə eyni səviyyədə qiymətləndirilməlidir.
Dünyanın sülhsevər insanları, sivil dövlətləri, nüfuzlu beynəlxalq təşkilatları, beynəlxalq ictimaiyyət bu acı həqiqəti bilməli, insanlığa qarşı törədilən bu cinayət öz hüquqi qiymətini almalıdır. Çünki beynəlxalq hüquqa görə, soyqırım sülh və bəşəriyyət əleyhinə yönələn əməldir və ən ağır beynəlxalq cinayət sayılır. BMT baş məclisinin 9 dekabr 1948-ci il tarixli 260 (III) saylı qətnaməsi ilə qəbul edilmiş və 1961-ci ildə qüvvəyə minən Soyqırım cinayətinin qarşısının alınması və təqsirkarların cəzalandırılması haqqında Konvensiyada soyqırım cinayətinin hüquqi əsası təsbit olunmuşdur.
Ermənistanın Azərbaycana qarşı təcavüzü zamanı həmin Konvensiyada təsbit edilmiş soyqırım cinayətini təşkil edən bütün əməllər qeydə alınmışdır. Bu işğalçı ölkənin yürütdüyü terrorçuluq siyasəti uzun illərdir ki, dünya ictimaiyyətinin gözü qarşısında baş verir. Halbuki beynəlxalq hüquq normalarına, BMT-nin və ATƏT-in prinsiplərinə görə, dövlətlərin sərhədlərinin toxunulmazlığına hörmət edilməlidir. Ərazi bütövlüyünün və suverenliyin pozulması isə yolverilməzdir. BMT Təhlükəsizlik Şurası Azərbaycanın işğal olunmuş torpaqlarının qeyd-şərtsiz azad edilməsi barədə dörd qətnamə qəbul etsə də, işğalçı Ermənistan bunları hələ də yerinə yetirmir.
Əslində Xocalı soyqırımı iki yüz ilə yaxın bir müddət ərzində erməni millətçilərinin və onların havadarlarının Azərbaycan xalqına qarşı apardığı etnik təmizləmə və soyqırım siyasətinin davamı və qanlı səhifəsi idi. Bu mənfur siyasət xalqımıza saysız-hesabsız müsibətlər və əzab-əziyyətlər gətirmişdir. Azərbaycanlıların yeganə istəyi Xocalı faciəsinə beynəlxalq hüquqi-siyasi qiymət verilməsi, onun təşkilatçılarının, ideoloqlarının və icraçılarının dünya ictimaiyyəti qarşısında ifşası və cəzalandırılmasına nail olmaqdır. Bu həm də Xocalıda qətlə yetirilən dinc əhalinin ruhu qarşısında bizim insanlıq borcumuzdur. Digər tərəfdən isə, insanlığa qarşı yönəlmiş bu cür qəddar cinayətlərin gələcəkdə təkrar olunmaması üçün mühüm şərtdir.
Doğma yurdlarından didərgin düşmüş və Azərbaycanın 48 rayonuna səpələnmiş Xocalı sakinləri bu gün Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli, Ermənistanın Azərbaycana qarşı təcavüzünün dəf edilməsi, ölkənin ərazi bütövlüyünün bərpa edilməsi ümidi ilə yaşayırlar. Onlar dünya xalqları, dövlətləri və beynəlxalq təşkilatlardan haqq-ədalətin müdafiəsini, Xocalıda törədilmiş soyqırımın pislənməsini gözləyirlər.
Cinayət cəzasız qala bilməz. Çünki, bu, yeni cinayətlərə rəvac verir. Tarix özü bunu sübut edir. 1905-1907, 1918-ci illərdə erməni silahlı qüvvələri və terror təşkilatlarının dinc azərbaycanlılara qarşı törətdiyi qanlı hadisələr, Türkiyədə və Avropanın müxtəlif şəhərlərində türklərə qarşı terror aktları yaxın tarixdir.
"Dənizdən-dənizə böyük Ermənistan" siyasətini öz qarşısına məqsəd qoyan, qonşu ölkələrə qarşı ərazi iddiasında olan, konstitusiyasında Türkiyəyə qarşı torpaq iddiasını əks etdirən rəsmi İrəvan beynəlxalq ictimaiyyətin biganəliyindən sui-istifadə edir.
Biz inanırıq ki, dünya ictimaiyyəti, ilk növbədə isə ən ağır günlərində həmişə Azərbaycanın yanında olan qardaş Türkiyə xalqı Xocalı soyqırımını daim yad edərək, dinc əhaliyə qarşı törədilən və bəşər tarixinə ləkə olan bu qanlı cinayəti hər zaman pisləyəcək.
Bu gün qloballaşmaqda olan dünya bir həqiqətlə üz-üzədir: "Cəzasız qalan cinayət yeni cinayətə yol açır."
Mehriban Əliyeva,
Heydər Əliyev Fondunun prezidenti,
YUNESKO-nun Xoşməramlı Səfiri,
Millət vəkili,
Parlamentin Azərbaycan-Türkiyə Dostluq qrupunun üzvü