Martın 1-də Bakıda Heydər Əliyev Fondu, Təhsil Nazirliyi, Beynəlxalq İslam Xeyriyyə Təşkilatı və Küveyt Dövlət Vəqflər və İslam İşləri Nazirliyinin birgə təşkilatçılığı ilə "İslam və gənclik: təhsil, elm və maariflənmə" mövzusunda beynəlxalq konfrans açılmışdır.
Təhsil naziri Misir Mərdanov, İslam Konfransı Təşkilatının (İKT) Baş katibi Ekmələddin İhsanoğlu, Küveyt Dövlət vəqflər və islam işləri nazirinin müavini Adil əl Filah bildirmişlər ki, konfransın keçirilməsindən məqsəd İslamda gənclərin rolunu, müsəlman ölkələrində elm və təhsil məsələlərini müzakirə etmək, gənclərin ayrıseçkilik, zorakılıq, terrorizm və digər mənfi əməllərdən yayınması yollarını təhlil etməkdir. Natiqlər konfrasın mədəniyyətlərarası dialoqun inkişafına öz töhfəsini verəcəyinə inamlarını bildirmişlər.
Milli siyasət məsələləri üzrə dövlət müşaviri Hidayət Orucov Prezident İlham Əliyevin konfrans iştirakçılarına salamlarını çatdırmış, konfransın işinə uğurlar arzulamışdır. O, ölkəmizdə tolerantlığın yüksək səviyyədə olduğunu, müxtəlif dinlərə mənsub insanların dinc şəraitdə yaşadığını diqqətə çatdırmışdır.
H.Orucov demişdir ki, ümummilli liderimiz Heydər Əliyevin 1998-ci ilin 9-11 dekabrında Bakıda keçirilən "İslam sivilizasiyası Qafqazda" simpoziumundakı nitqində də qeyd etdiyi kimi, əhalisinin əsas hissəsinin müsəlman olmasına baxmayaraq, Azərbaycanda başqa dinlərə, millətlərə böyük hörmət vardır. Burada başqa dinlərə mənfi münasibət göstərilmir, tolerantlıq və dözümlülük yüksək səviyyədədir. 70 il davam edən sovet rejimi dövründə din qadağan edilmiş, ateizm təbliğatı, dinə qarşı kəskin mübarizə aparılmışdır. Bütün bunlara baxmayaraq, xalqımız dini etiqadını itirməmiş, gizlində olasa da dini mərasimləri yerinə yetirmişdir. Ulu öndər Heydər Əliyev "İslam sivilizasiyası Qafqazda" simpoziumunda bununla əlaqədar demişdir: "...Azərbaycanda kommunist ideologiyası 70 il yox, 170 il də hökm sürmüş olsaydı, insanları İslam dinindən ayırmaq mümkün olmayacaqdı".
İKT baş katibi E.İhsanoğlu dünyadakı bir milyard gəncin yarısının müsəlman olduğunu bildirmiş, onların təhsili, tərbiyəsinin vacibliyini diqqətə çatdırmışdır.
Türkiyə Böyük Millət Məclisinin təhsil komissiyasının sədri Təyyar Altınqulac Heydər Əliyevin İslama olan hörmətindən, İslam dəyərlərinin qorunmasındakı xidmətlərindən söz açmış, Azərbaycanda gənclərin cəmiyyətin inkişafındakı böyük rolunu yüksək qiymətləndirmişdir.
Tədbirdə gənclər və idman nazirinin müavini İntiqam Babayev, Xarici İşlər Nazirliyi humanitar problemlər, demokratikləşmə və insan hüquqları idarəsinin rəisi Əlimirzamin Əsgərov, Qafqaz Müsəlmanları İdarəsi sədrinin müavini Salman Musayev, Bakı Dövlət Universitetinin professoru Vasim Məmmədəliyev konfrasın əhəmiyyətindən danışmışlar.
Fasilədən sonra "İslamda kompromislik məfhumu", "Dini təhsil və din xadimlərinin hazırlanmasına yeni baxış", "Terrorçuluğa qarşı mübarizədə gənclərin dini-siyasi dəyərlərlə maarifləndirilməsi", "Qloballaşma və müsəlman gəncliyi" və digər mövzularda məruzələr dinlənilmiş, ətraflı fikir mübadiləsi aparılmışdır.
Prezidentin İcra Aparatının xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədovun, dünyanın 20 ölkəsindən dövlət orqanlarının, dini qurumların nümayəndələrinin, alimlərin, İslam ölkələrinin Bakıdakı səfirlərinin iştirak etdikləri konfrans işini martın 2-də davam etdirəcəkdir.