15 dekabr 2007

Londonun məşhur Madam Tüsso Muzeyində ümummilli lider Heydər Əliyevin mumdan hazırlanmış heykəl-fiquru qoyulub

Dekabrın 15-də Londondakı məşhur Madam Tüsso Muzeyinin “Dünya liderləri” salonunda Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin mumdan hazırlanmış heykəl-fiquru müxtəlif ölkələrin və epoxaların görkəmli dövlət xadimləri və siyasətçilərinin fiqurları sırasında öz fəxri yerini tutmuşdur. Xatırladaq ki, Rusiyadan savayı, muzeydə indiyədək MDB ölkələrindən heç birinin liderinin fiquru qoyulmamışdı.

 

Bu münasibətlə keçirilən təntənəli mərasimdə çıxış edən Azərbaycanın Böyük Britaniyadakı səfiri Fəxrəddin Qurbanov demişdir ki, Heydər Əliyev müasir demokratik Azərbaycanın siyasi və ideoloji təməlini qoymuşdur. Ümummilli liderin nəvəsi Arzu Əliyeva isə bildirmişdir ki, Heydər Əliyev nəinki böyük siyasətçi, həm də sadə, xeyirxah insan idi, öz doğmalarını və yaxınlarını çox sevir və ailə dəyərlərini son dərəcə qiymətləndirirdi.

 

Böyük Britaniyanın Azərbaycandakı keçmiş səfiri Rocer Tomas demişdir ki, Heydər Əliyevlə aparılan danışıqlar bəzən çətin, lakin həmişə yaxşı olurdu. “Yunkom” Teatr Mədəniyyət Mərkəzinin prezidenti Fərid Haqverdiyev isə əmin olduğunu bildirmişdir ki, bu hadisə britaniyalıların və başqa ölkələrin vətəndaşlarının Azərbaycanı daha yaxından tanımalarına kömək edəcəkdir.

 

Heydər Əliyevin mum heykəl-fiquru üzərində iş Madam Tüsso Muzeyinin təşəbbüsü ilə bir il əvvəl başlanmışdı. Ulu öndərin ailə üzvləri və Heydər Əliyev Fondu bu işdə britaniyalı mütəxəssislərə böyük kömək göstərmişdir.

 

Mum-fiqurun müəllifi, muzeyin əməkdaşı Stiv Sueys (o kraliça II Elizavetin və Kuba lideri Fidel Kastronun fiqurlarının da müəllifidir) demişdir: “Mən heykəl-fiqur üzərində işə başlayanda bu şəxsiyyət haqqında geniş informasiya əldə etmək üçün Bakıya getdim. Heydər Əliyev Fondunda oldum, xeyli arxiv materialını öyrəndim, minlərlə fotoşəklə baxdım. Mən onu şəxsən tanıyan adamlarla görüşdüm”. Heykəltəraş bildirmişdir ki, Heydər Əliyevin xarakterinin müxtəlif xüsusiyyətlərini açmağa, onu həm Prezident, həm də adi insan kimi təsvir etməyə çalışmışdır. Fiqur üzərində iş ümumən yarım ilədək çəkmişdir. Ümummilli liderin heykəl-fiquru bütün boyu hündürlüyündə hazırlanmışdır. Onun əynində smokinq, ağ köynək və yaxasında kəpənək-qalstuk var. Heydər Əliyevin müdrik baxışları uzaqlara dikilmiş, üzündə yüngül təbəssüm, qamətində arxayınlıq və əminlik hiss edilir. Qoluna ulu öndərin sağlığında gəzdirdiyi saat taxılmışdır.

 

Mərasimdə Milli Məclisin Böyük Britaniyada səfərdə olan bir qrup deputatı, Türkiyənin bu ölkədəki səfiri Mehmed Albuğan iştirak edirdilər.

 

1835-ci ildə fransalı xanım Mari Tüssonun şəxsi mum fiqurlar kolleksiyası əsasında yaradılmış Londonun bu məşhur muzeyi Britaniya paytaxtının görməli yerlərindən biri sayılır. Muzeyə və onun Vaşinqton, Nyu-York, Las-Veqas, Amsterdam, Hon-Konq və Şanxaydakı şöbələrinə hər il on milyonlarla tamaşaçı gəlir.