2 mart 2006

Bakıda "İslam va gənclik: təhsil, elm və maariflənmə" konfransı başa çatıb

Heydər Əliyev Fondu, Təhsil Nazirliyi, Beynəlxalq İslam Xeyriyyə Təşkilatı və Küveyt Dövlət Vəqflər və İslam İşləri Nazirliyinin birgə təşkilatçılığı ilə Bakıda keçirilən "İslam və gənclik: təhsil, elm və maariflənmə" mövzusunda beynəlxalq konfrans martın 2-də öz işini davam etdirmişdir.


Günün birinci yarısında "Qloballaşma şəraitində islamı dəyərlərin rolu", "Cəmiyyətin təhlükəsizliyi islamın ehkamıdır: müsəlman və qeyri-müsəlmanlar arasında əməkdaşlıq", "İslamafobiya amili və onun aradan götürülməsində gənclərin rolu" və "Terrorizmlə mübarizədə gənclərin dini maarifləndirilməsinin rolu" mövzularında məruzələr dinlənilmişdir.


Fasilədən sonra da bir neçə məruzə dinlənilmiş, İslamda gənclərin roluna, müsəlman ölkələrində elm və təhsil məsələlərinin vəziyyətinə, gənclərin ayrı-seçkilik, zorakılıq, terrorizm və digər mənfi əməllərdən yayınması yollarına dair fikir mübadiləsi aparılmışdır.


Dünyanın 20 ölkəsindən dövlət orqanlarının, dini qurumların nümayəndələrinin, alimlərin, islam ölkələrinin Bakıdakı səfirlərinin iştirak etdikləri konfransın yekunu olaraq tövsiyələr qəbul olunmuş, xarici qonaqlara diplomlar təqdim edilmişdir.


Sonda konfrans iştirakçıları Azərbaycan Prezidenti İlham Əliyevə müraciət qəbul etmişlər.