18 may 2006

Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva "Türk dünyasının ilin sevgi və dostluq elçisi" mükafatına layiq görülüb

Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun Xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva Türkiyənin "Kanal7" telekanalı və "First Business" jurnalının təsis etdiyi "Zirvədəkilər-2005" mükafatlarından birinə - "Türk dünyasının ilin sevgi və dostluq elçisi" mükafatına layiq görülüb.

 

Mükafatın təqdimetmə mərasimi İstanbulun "Kaya Ramada" otelində keçirilib və "Kanal7" ilə yayımlanıb.

 

Mərasimdə işgüzar dairələrin 300-ə yaxın görkəmli nümayəndəsi, siyasətçilər, dövlət, mədəniyyət və incəsənət xadimləri iştirak edib.

 

Mükafata layiq görülənlərin siyahısında Türkiyənin 9-cu prezidenti Süleyman Dəmirəl, ölkənin ekologiya naziri Osman Pepe və başqaları da var. Mehriban xanım Əliyevanın mükafatı Azərbaycanın İstanbuldakı baş konsulu İbrahim Nəbioğluna təqdim edilib.