05_BUXAREST - MER - HEYDAR ALIYEV FONDUNDA.jpg
7 avqust 2006

Buxarest şəhərinin II sektorunun meri Nekulai Ontsanunun başçılıq etdiyi nümayəndə heyəti Heydər Əliyev Fondunda olub

Azərbaycanda səfərdə olan Buxarest şəhərinin II sektorunun meri Nekulai Ontsanu, xanımı Veronika Ontsanu və nümayəndə heyətinin üzvləri avqustun 7-də Heydər Əliyev Fondunda olmuşlar.


Qonaqlara ulu öndərin həyatının müxtəlif anlarını əks etdirən ekspozisiyalar, dahi siyasi xadimin tanınmış elm, mədəniyyət və incəsənət adamları, dünyanın məşhur siyasi və dövlət xadimləri, o cümlədən Rumıniyanın dövlət və hökumət başçıları ilə görüşlərini xatırladan fotoşəkillər barədə ətraflı məlumat verildi. Ulu öndərin uşaqlıq illəri, orta və ali məktəblərdə yalnız "əla" qiymətlərlə təhsil aldığını, nümunəvi nizam-intizamı ilə fərqləndiyini əks etdirən sənədlər, haqqında yazılmış kitablar, Heydər Əliyev Fondunun vebsaytı, beynəlxalq əlaqələri, həyata keçirdiyi layihələrlə tanışlıq qonaqlarda böyük maraq doğurdu.

 

Nekulai Ontsanu Fondun xatirə kitabına ürək sözlərini yazdı, görkəmli siyasi xadim Heydər Əliyevin şəxsiyyətinə Rumıniyada da böyük hörmət və ehtiram göstərildiyini diqqətə çatdırdı, onun işıqlı ideyalarının həyata keçirilməsində fondun fəaliyyətini yüksək qiymətləndirərək, Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı, YUNESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevaya bu şərəfli fəaliyyətində yeni uğurlar arzuladı.

 

Sonra Buxarest şəhərinin II sektorunun meri Nekulai Ontsanu və onu müşayiət edən qonaqlarla görüş keçirildi.

 

Fondun icraçı direktoru Anar Ələkbərov hörmətli qonağı və nümayəndə heyətinin üzvlərini Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı, YUNESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın adından səmimiyyətlə salamladı.

 

Nekulai Ontsanu Azərbaycan ilə Rumıniya arasında mədəni əlaqələrin inkişafında xidmətlərinə görə Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın Buxarest şəhərinin II sektorunun Fəxri vətəndaşı adına layiq görüldüyünü bildirərək, bunu təsdiq edən sənədi və döş nişanını, eləcə də Rumıniya qadınlarının milli geyimini təqdim etdi.

 

Anar Ələkbərov Mehriban xanımın fəaliyyətinə verilən yüksək qiymət və hədiyyəyə görə Nekulai Ontsanuya təşəkkürünü bildirdi və Heydər Əliyev Fondunun 2005-2006-cı illərdəki fəaliyyyətinə həsr edilmiş ingilis dilində kitabı və fondun layihəsi olan "Qarabağ xanəndələri" musiqi albomunu merə bağışladı.

 

Hörmətli qonağı Yeni Azərbaycan Partiyası icra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov, Azərbaycanın Rumıniyadakı səfiri Eldar Həsənov və Rumıniyanın ölkəmizdəki səfiri Nikolaye Ureke müşayiət edirdilər.


FOTO