30 may 2006

Uşaq hüquqlarının müdafiəsi və təbliği sahəsində 2005-ci ilin adamı və qurumları müəyyənləşdirilib

Uşaqları Beynəlxalq Müdafiə günü ərəfəsində - mayın 29-da Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında uşaqların problemlərinin araşdırılması və aradan qaldırılması, uşaq hüquqlarının təbliği və müdafiəsi ilə məşğul olan təşkilat və şəxsləri müəyyən etmək məqsədi ilə ilk dəfə olaraq "Heç bir uşağı nəzərdən qaçırmayaq" layihəsi çərçivəsində 2005-ci ilin Milli İctimai Mükafatının təqdimat mərasimi keçirilmişdir.

 

Tədbir Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, BMT-nin Uşaq Fondu (YUNİSEF), Avropa İttifaqı və Uşaq Hüquqları üzrə Azərbaycan QHT Alyansının dəstəyi ilə baş tutmuşdur.

 

Mərasimdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova, YUNİSEF-in Azərbaycandakı nümayəndəliyinin rəhbəri xanım Hana Singer, Uşaq Hüquqları üzrə Azərbaycan QHT Alyansının milli əlaqələndiricisi Nabil Seyidov layihə çərçıvəsində görülən işlər barədə məlumat vermiş, bildirmişlər ki, təşkilat komitəsi 7 nominasiya üzrə qalibləri müəyyənləşdirmişdir.

 

Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva uşaqların sağlamlığı, yüksək səviyyədə təlim-tərbiyəsi və milli mənəvi dəyərlərimizə yiyələnmələri sahəsindəki xidmətlərinə görə "Uşaq hüquqlarının müdafiəsi və təbliğı sahəsində 2005-ci ilin adamı" mükafatına layiq görülmüşdür.

 

Təhsil Nazirliyi "Uşaq hüquqlarının müdafiəsi və təbliği sahəsində 2005-ci ilin ən yaxşı dövlət qurumu", "Ümidli gələcək" gənclər təşkilatı "Ən yaxşı qeyri-hökumət təşkilatı", "Ayna-Zerkalo" qəzeti "Ən yaxşı mətbu orqan", "Save the children" qurumu "Ən yaxşı beynəlxalq təşkilat", İctimai Televiziya və Radio Yayımları Şirkəti "Ən yaxşı TV-radio proqramı", "Azercell" Birgə Müəssisəsi "Ən yaxşı xeyriyyəçi özəl şirkət" elan edilmişdir.

 

Tədbirdə hökumət rəsmiləri, Milli Məclisin deputatları, qeyri-hökumət təşkilatlarının rəhbərləri və ictimaiyyətin nümayəndələri iştirak etmişlər.