24_PREZIDENT - SAFAR - QUBA - QACHRASH ORTA MAKTABI.jpg
7 oktyabr 2006

Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva İbrahim Şahmərdanov adına Qəçrəş kənd orta məktəbi ilə tanış olublar

Quba rayonunda səfərdə olan Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 7-də İbrahim Şahmərdanov adına Qəçrəş kənd orta məktəbinə gəldi.

 

Burada Prezident İlham Əliyevi və xanımını böyük hörmətlə, səmimiyyətlə qarşıladılar, onlara gül dəstəsi təqdim olundu.

 

Məktəbin direktoru Səmayə Məhərrəmova Prezident İlham Əliyevə məlumat verdi ki, Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa olunan, 240 şagird üçün nəzərdə tutulan məktəbdə hazırda 397 uşaq iki növbədə təhsil alır, 23 müəllim çalışır. 1950-ci illərdə tikilmiş məktəbin köhnə binası tamamilə sökülərək, yerində ikimərtəbəli, yaraşıqlı bina tikilmişdir. Məktəbin açılışı yeni dərs ilində - sentyabrın 15-də olmuşdur. Məktəb Fond tərəfindən lazımi avadanlıq, ləvazimatlar və dərs vəsaitləri ilə də tam təmin olunmuş, yeddi kompyuter dəsti hədiyyə edilərək internetə qoşulmuşdur. Burada hərbi fənn kabineti, futbol və voleybol meydançaları da var.

 

Azərbaycan Prezidenti və xanımı ulu öndərin həyat və fəaliyyətini, təhsilə və gəncliyə göstərdiyi qayğını, habelə Prezident İlham Əliyevin fəaliyyətini əks etdirən fotoguşələrlə tanış oldular.

 

Prezident İlham Əliyev ayrı-ayrı sinif otaqlarına, idman salonuna, kitabxanaya və kompyuter otağına baxdı, tədris prosesi ilə maraqlandı, uşaqların yüksək səviyyədə təhsil alması üçün bundan sonra da hər cür şərait yaradılacağını vurğuladı. Bildirdi ki, ümumiyyətlə, ölkəmizdə bu sahədə çox böyük işlər görülür, müasir standartlara cavab verən binalar tikilir, orta məktəblərin kompyuterləşdirilməsi uğurla davam etdirilir.

 

Müəllimlər onlara göstərilən diqqətə və qayğıya görə Prezident İlham Əliyevə və Mehriban xanıma minnətdarlıq etdilər, gələcək nəslin savadlı və vətənpərvər böyüməsinə çalışacaqlarını, şagirdlər isə yüksək təhsil alaraq Azərbaycanın layiqli vətəndaşı kimi yetişəcəklərini bildirdilər.


FOTO