13 iyun 2006

"Orta əsr əlyazmalarında tibb və əczaçılıq" mövzusunda I Beynəlxalq konfrans işini davam etdirir

Bakıda Heydər Əliyev Fondunun və Vaşinqton Elmlər Akademiyasının birgə təşkilatçılığı ilə keçirilən "Orta əsr əlyazmalarında tibb və əczaçılıq" mövzusunda I Beynəlxalq konfrans iyunun 13-də işini davam etdirmişdir.


Konfransın ikinci iş günü iştirakçılar Azərbaycanda qədim irsin qorunmasına və gələcək nəsillərə çatdırılmasına böyük qayğı ilə yanaşıldığını bildirmiş, ölkə rəhbərliyinin bu sahəyə diqqətini yüksək qiymətləndirmişlər. Azərbaycanın şifahi xalq ədəbiyyatının və musiqi irsinin qorunub saxlanmasında və inkişafında səylərinə görə YUNESKO-nun xoşməramlı səfiri seçilmiş Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın bu beynəlxalq təşkilatda böyük nüfuza malik olduğu vurğulanmışdır.

 

Səhiyyə naziri Oqtay Şirəliyev, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, AMEA Tarix İnstitutunun direktoru, Milli Məclisin deputatı, professor Yaqub Mahmudov, Tibb Universitetinin rektoru akademik Əhliman Əmiraslanov, oftalmoloq alim Çingiz Cərullazadə, qonaqlardan İbrahim Purhadi (ABŞ), Əli Heydər Bayat (Türkiyə), Mark Mirski (Rusiya), Jan Pyer Triko (Belçika) və başqaları dünya yazılı irsinin qorunmasında YUNESKO-nun rolu, qədim əlyazmalarda təbabət, illüstrasiyalar və s. barədə danışmışlar. "Bakı əlyazmalar kolleksiyası YUNESKO-nun Dünya Yaddaşı Proqramında", "Orta əsrlərdə Yaxın Şərqdə tibb mətnlərinin tərcüməsi", "Orta əsr Azərbaycan həkimləri və onların əlyazmaları haqqında" və digər mövzularda məruzələr dinlənilmişdir.

 

Konfrans işini davam etdirir.