2.jpg
12 oktyabr 2006

Rumıniya Prezidenti Trayan Besesku Heydər Əliyev Fondunda olub

Rumıniya Prezidenti Trayan Besesku oktyabrın 12-də Heydər Əliyev Fondunda olmuşdur.

 

Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Rumıniyanın dövlət başçısını böyük səmimiyyətlə qarşıladılar.

 

Prezidentlər və Rumıniya nümayəndə heyətinin üzvləri əvvəlcə Fondun fəaliyyətinə, həyata keçirdiyi layihələrə həsr edilmiş sənədli filmə baxdılar.

 

Fondun təhsil, səhiyyə, mədəniyyət, elm və s. sahələrdə genişmiqyaslı layihələr hazırlayıb həyata keçirməsi, xüsusilə uşaq evləri və internat məktəblərinin yenidən qurulması, maddi-texniki bazasının yaxşılaşdırılması, valideyn himayəsindən məhrum olan uşaqlara, diabet və talassemiyadan əziyyət çəkən insanlara hərtərəfli qayğı göstərilməsi, son ilyarımda təkcə qurumun təşəbbüsü ilə müasir tələblərə cavab verən 190 yeni məktəbin tikilib istifadəyə verilməsi, əlil uşaqlarda informasiya texnologiyaları ilə işləmək vərdişlərinin aşılanması, zəngin mədəniyyətimizin öyrənilməsi, təbliği istiqamətində gördüyü işlər, beynəlxalq təşkilatlarla sıx əməkdaşlığı rumıniyalı qonaqlarda xoş təəssürat yaratdı.

 

Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva muzeyin ekspozisiyaları ilə tanış olan Rumıniya Prezidentinə Azərbaycan xalqının ümummilli liderinin xatirəsinə ehtiram əlaməti olaraq yaradılmış Fondun məqsədləri barədə məlumat verdi. Bildirdi ki, Fondun əsas məqsədləri Prezident Heydər Əliyevin zəngin irsini öyrənmək və təbliğ etməkdən, onun Azərbaycanın sosial-iqtisadi, mədəni tərəqqisinə yönəlmiş genişmiqyaslı fəaliyyəti barədə gələcək nəsillərdə, qonaqlarda əyani təsəvvür yaratmaqdan, dahi şəxsiyyətin müəllifi olduğu beynəlxalq layihələrin həyata keçirilməsini dəstəkləməkdən, Azərbaycan mədəniyyəti və tarixinin geniş təbliği ilə əlaqədar aparılan işlərə kömək göstərməkdən ibarətdir.

 

Prezident İlham Əliyev ali qonağa ümummilli liderimizin şəxsi arxivindən götürülmüş və onun fəaliyyətinin ayrı-ayrı dövrlərini əhatə edən eksponatlar, fotoşəkillər barədə ətraflı məlumat verdi.

 

Rumıniya Prezidenti fenomen şəxsiyyət Heydər Əliyevin həyatının ən müxtəlif məqamlarını əks etdirən və Azərbaycan tarixinin bütöv bir dövrü barədə geniş təsəvvür yaradan çoxlu sənədlərlə, dünyanın tanınmış siyasi xadimlərinin bəxş etdikləri hədiyyələrlə, ulu öndərimiz haqqında kitablarla, dünyanın nüfuzlu siyasi, elm, mədəniyyət və incəsənət xadimlərinin Azərbaycan dövlətinin qurucusu haqqında fikirləri ilə tanış oldu, müxtəlif ölkələrin liderləri ilə görüşlərdə çəkilmiş şəkillərə böyük maraqla baxdı.

 

Rumıniya Prezidenti Xatirə kitabına ürək sözlərini yazdı, milli lider Heydər Əliyevə dərin hörmətini bildirdi, Fonda Azərbaycanın tərəqqisi naminə dəyərli fəaliyyətində yeni uğurlar arzuladı.

 

Fondun Prezidenti Mehriban xanım Əliyeva Rumıniya Prezidentinə xatirə hədiyyələri təqdim etdi.

 

Sonra çay süfrəsi arxasında səmimi söhbət oldu.

 

Prezident İlham Əliyev dost ölkənin rəhbərinə Bakıya rəsmi səfərini əks etdirən fotoalbom təqdim etdi.

 

Prezident İlham Əliyev Azərbaycana rəsmi səfərini başa çatdıran Rumıniya Prezidenti Trayan Besesku ilə Fondun binası qarşısında sağollaşdı.


FOTO