1.jpg
23 avqust 2006

İordaniya Kralı əlahəzrət II Abdulla Heydər Əliyev Fondunda olub

Azərbaycan Prezidenti İlham Əliyev və İordaniyanın Kralı əlahəzrət II Abdulla avqustun 23-də Heydər Əliyev Fondunda olmuşlar.


Fondun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva İordaniyanın dövlət başçısını böyük səmimiyyətlə qarşıladı.

 

Mehriban xanım Əliyeva ali qonağa Azərbaycan xalqının ümummilli liderinin xatirəsinə ehtiram əlaməti olaraq yaradılmış Fondun məqsədləri barədə məlumat verdi. Bildirildi ki, Fondun əsas məqsədləri Prezident Heydər Əliyevin zəngin irsini öyrənmək və təbliğ etməkdən, onun Azərbaycanın sosial-iqtisadi, mədəni tərəqqisinə yönəlmiş genişmiqyaslı fəaliyyəti barədə gələcək nəsillərdə, qonaqlarda əyani təsəvvür yaratmaqdan, dahi şəxsiyyətin müəllifi olduğu beynəlxalq layihələrin həyata keçirilməsini dəstəkləməkdən, Azərbaycan mədəniyyəti və tarixinin geniş təbliği ilə əlaqədar aparılan işlərə kömək göstərməkdən ibarətdir.

 

Prezident İlham Əliyev Kral II Abdullaya ümummilli liderimizin şəxsi arxivindən götürülmüş və onun fəaliyyətinin ayrı-ayrı dövrlərini əhatə edən eksponatlar barədə ətraflı məlumat verdi.

 

İordaniya dövlətinin başçısı fenomen şəxsiyyət Heydər Əliyevin həyatının ən müxtəlif məqamlarını əks etdirən və Azərbaycan tarixinin bütöv bir dövrü barədə geniş təsəvvür yaradan çoxlu sənədlərlə, dünyanın tanınmış siyasi xadimlərinin bəxş etdikləri hədiyyələrlə, ulu öndərimiz haqqında kitablarla, dünyanın nüfuzlu siyasi, elm, mədəniyyət və incəsənət xadimlərinin Azərbaycan dövlətinin qurucusu haqqında fikirləri ilə tanış oldu, müxtəlif ölkələrin liderləri ilə görüşlərdə çəkilmiş şəkillərə böyük maraqla baxdı.

 

İordaniyanın Kralı əlahəzrət II Abdulla Fondla tanışlıqdan sonra Xatirə kitabına ürək sözlərini yazdı, Azərbaycanın böyük öndəri Heydər Əliyevin adını daşıyan Fondla tanışlıqdan məmnun olduğunu bildirdi.

 

Sonra Azərbaycan Prezidenti İlham Əliyev və İordaniyanın Kralı əlahəzrət II Abdulla birgə xatirə şəkli çəkdirdilər.

 

Mehriban xanım Əliyeva dost ölkənin rəhbərinə xatirə hədiyyələri təqdim etdi.

 

Ali qonaq Fonddan xoş və zəngin təəssüratla ayrıldığını bildirdi.


FOTO