1 noyabr 2006

Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Şəmkir rayonunun Füzuli qəsəbəsindəki orta məktəblə tanış olublar

Prezident İlham Əliyev noyabrın 1-də, Şəmkirə səfərinin sonunda rayonun Füzuli qəsəbəsindəki şəhid İ.Əliyev adına orta məktəbə gəlmişdir.

 

Məktəbin pedaqoji kollektivi Prezident İlham Əliyevi və xanımını böyük hörmətlə, gül-çiçəklə qarşıladı.

 

Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva ayrı-ayrı fənn kabinetlərinə, kompyuter və sinif otaqlarına baxdılar, yaradılan şəraitlə tanış oldular. Bildirildi ki, Heydər Əliyev Fondu tərəfindən əsaslı təmir etdirilmiş məktəbdə iki növbədə 373 şagird təhsil alır. Kompyuterlər internetə qoşulmuş, istilik sistemi yenidən qurulmuşdur.

 

Bildirildi ki, məktəbdə uşaqların xarici dil öyrənməsi üçün müasir avadanlıq var. Prezident İlham Əliyev bunu müsbət qiymətləndirərək dedi ki, gərək uşaqlar ingilis, rus dillərini bilsinlər, başqa dillər də vacibdir.