02.jpg
8 sentyabr 2006

Ukrayna Prezidenti Viktor Yuşşenko Heydər Əliyev Fondunda olub

Ukrayna Prezidenti Viktor Yuşşenko sentyabrın 8-də Heydər Əliyev Fondunda olmuşdur.


Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Ukraynanın dövlət başçısını böyük səmimiyyətlə qarşıladılar. Qonaqlar əvvəlcə kino zalda Fondun fəaliyyətinə, həyata keçirdiyi layihələrə həsr edilmiş sənədli filmə baxdılar.

 

Sonra Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyeva Ukrayna Prezidentinə Azərbaycan xalqının ümummilli liderinin xatirəsinə ehtiram əlaməti olaraq yaradılmış Fondun məqsədləri barədə məlumat verdi. Bildirildi ki, Fondun əsas məqsədləri Prezident Heydər Əliyevin zəngin irsini öyrənmək və təbliğ etməkdən, onun Azərbaycanın sosial-iqtisadi, mədəni tərəqqisinə yönəlmiş genişmiqyaslı fəaliyyəti barədə gələcək nəsillərdə, ölkəmizin qonaqlarında əyani təsəvvür yaratmaqdan, dahi şəxsiyyətin müəllifi olduğu beynəlxalq layihələrin həyata keçirilməsini dəstəkləməkdən, Azərbaycan mədəniyyəti və tarixinin geniş təbliği ilə əlaqədar aparılan işlərə kömək göstərməkdən ibarətdir.

 

Prezident İlham Əliyev Ukrayna rəhbərinə ümummilli liderimizin şəxsi arxivindən götürülmüş və onun fəaliyyətinin ayrı-ayrı dövrlərini əhatə edən eksponatlar barədə ətraflı məlumat verdi.

 

Ukrayna Prezidenti fenomen şəxsiyyət Heydər Əliyevin həyatının ən müxtəlif məqamlarını əks etdirən və Azərbaycan tarixinin bütöv bir dövrü barədə geniş təsəvvür yaradan çoxlu sənədlərlə, dünyanın tanınmış siyasi xadimlərinin bəxş etdikləri hədiyyələrlə, ulu öndərimiz haqqında kitablarla, dünyanın nüfuzlu siyasi, elm, mədəniyyət və incəsənət xadimlərinin Azərbaycan dövlətinin qurucusu haqqında fikirləri ilə tanış oldu, müxtəlif ölkələrin liderləri ilə görüşlərdə çəkilmiş şəkillərə böyük maraqla baxdı.

 

Ulu öndər Heydər Əliyevin 1997-ci ildə Ukraynaya səfəri zamanı o vaxt Ukrayna Milli Bankının rəhbəri olan V.Yuşşenko ilə çəkdirdiyi şəkil Ukrayna Prezidentində xüsusi ovqat yaratdı. O, həmin görüşü həmişə xoş təəssüratla xatırladığını bildirdi. Azərbaycan və Ukrayna prezidentləri həmin fotonun önündə xatirə şəkli çəkdirdilər.

 

Ukrayna Prezidenti Fondun Xatirə kitabına ürək sözlərini yazdı, ümummilli lider Heydər Əliyevin şəxsiyyətinə dərin hörmətini bildirdi, Azərbaycan dövlətinin tərəqqisi naminə dəyərli fəaliyyətində Fonda yeni uğurlar arzuladı.

 

Ukrayna Prezidentinə xatirə hədiyyələri təqdim edildi.

 

Ali qonaq Fonddan xoş və zəngin təəssüratla ayrıldığını bildirdi.


FOTO