12 sentyabr 2006

İslam Konfransı Təşkilatının üzvü olan ölkələrin turizm nazirlərinin Bakıda keçirilən V Konfransının iştirakçıları Heydər Əliyev Fondunda olublar

İslam Konfransı Təşkilatının üzvü olan ölkələrin turizm nazirlərinin Bakıda keçirilən V Konfransının iştirakçıları sentyabrın 12-də Heydər Əliyev Fondunda olmuşlar.


Fondun icraçı direktoru Anar Ələkbərov qonaqları səmimiyyətlə salamladı, mehribanlıqla qarşıladı.

 

Fondun ekspozisiyaları ilə tanış olan qonaqlara Azərbaycan xalqının ümummilli liderinin xatirəsinə ehtiram əlaməti olaraq yaradılmış Fondun məqsədləri barədə məlumat verildi. Bildirildi ki, Fondun əsas məqsədləri görkəmli siyasi xadim Heydər Əliyevin zəngin irsini öyrənmək və təbliğ etməkdən, onun Azərbaycanın sosial-iqtisadi, mədəni tərəqqisinə yönəlmiş genişmiqyaslı fəaliyyəti barədə gələcək nəsillərdə, xarici qonaqlarda əyani təsəvvür yaratmaqdan, dahi şəxsiyyətin müəllifi olduğu beynəlxalq layihələrin həyata keçirilməsini dəstəkləməkdən, Azərbaycan mədəniyyəti və tarixinin geniş təbliği ilə əlaqədar aparılan işlərə kömək göstərməkdən ibarətdir.

 

Dahi şəxsiyyətin şəxsi arxivindən götürülmüş və onun fəaliyyətinin ayrı-ayrı dövrlərini əhatə edən eksponatlar qonaqlarda xoş təəssürat yaratdı. Onlar fenomen şəxsiyyət Heydər Əliyevin həyatının ən müxtəlif məqamlarını əks etdirən və Azərbaycan tarixinin bütöv bir dövrü barədə geniş təsəvvür yaradan çoxlu sənədlərlə, dünyanın tanınmış siyasi xadimlərinin bəxş etdikləri hədiyyələrlə, ulu öndərimiz haqqında kitablarla, dünyanın nüfuzlu siyasi, elm, mədəniyyət və incəsənət xadimlərinin Azərbaycan dövlətinin qurucusu haqqında fikirləri ilə tanış oldular, müxtəlif ölkələrin liderləri ilə görüşlərdə çəkilmiş şəkillərə böyük maraqla baxdılar.

 

Görkəmli dövlət xadiminin İslam ölkələrinin liderləri ilə müxtəlif dövrlərdə keçirdiyi görüşləri, bu ölkələrə səfərləri, xüsusilə müqəddəs Məkkəni ziyarəti zamanı çəkilmiş şəkillər qonaqlarda böyük təəssürat doğurdu.

 

Onlar Fondun genişmiqyaslı xeyriyyəçilik fəaliyyətini, ölkədə və beynəlxalq aləmdə yüksək hörmət və nüfuza malik olmasını da yüksək dəyərləndirdilər.

 

Qonaqlar Fonddan zəngin təəssüratla ayrıldılar.

 

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev qonaqları müşayiət edirdi.