10 noyabr 2006

Ukraynanın əmək və sosial siyasət naziri Mixail Papiyevin başçılıq etdiyi nümayəndə heyəti Heydər Əliyev Fondunda olub

Ukraynanın əmək və sosial siyasət naziri Mixail Papiyevin başçılığı ilə Azərbaycanda səfərdə olan nümayəndə heyəti noyabrın 10-da Heydər Əliyev Fonduna gəlmişdir.

 

Burada ekspozisiyalarla tanış olan qonaqlara Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xatirəsinə ehtiram əlaməti olaraq yaradılmış Fondun məqsədləri barədə ətraflı məlumat verildi.

 

Ulu öndərin şəxsi arxivindən götürülmüş və onun fəaliyyətinin ayrı-ayrı dövrlərini əhatə edən eksponatlar ukraynalı qonaqlarda xoş təəssürat yaratdı. Onlar fenomen şəxsiyyət Heydər Əliyevin həyatının ən müxtəlif məqamlarını əks etdirən və tariximizin bütöv bir dövrü barədə geniş təsəvvür yaradan çoxsaylı sənədlərlə, tanınmış siyasi xadimlərin bəxş etdikləri hədiyyələrlə, ulu öndərimiz haqqında kitablarla maraqla tanış oldular. Ulu öndərin Avropa ölkələrinin liderləri ilə müxtəlif dövrlərdə keçirdiyi görüşlər, çəkdirdiyi xatirə şəkilləri, eləcə də Fondun fəaliyyəti, həyata keçirdiyi layihələr, beynəlxalq əlaqələri haqqında verilən məlumatlar qonaqlarda xüsusi maraq oyatdı.

 

Mixail Papiyev Ukrayna Prezidenti Viktor Yuşşenkonun bu ilin sentyabrında ölkəmizdə səfərdə olarkən Azərbaycanın dövlət başçısı ilə birlikdə Fondda olmasını xatırladaraq, buraya gəlişindən, görkəmli siyasi xadim Heydər Əliyevin həyat və fəaliyyəti haqqında aldığı zəngin məlumatdan, eləcə də Fondun fəaliyyəti ilə tanışlıqdan məmnun qaldığını vurğuladı.

 

O, Fondun Xatirə kitabına ürək sözlərini yazdı, müasir Azərbaycan dövlətinin qurucusunun xatirəsinə ehtiramını bildirdi, Fonda genişmiqyaslı fəaliyyətində yeni uğurlar arzuladı.

 

Ukraynanın əmək və sosial siyasət naziri Mixail Papiyevə Heydər Əliyev Fondunun fəaliyyətini əks etdirən kitab hədiyyə edildi.