03_QUAM OLKELERI BIRINCI GENCLER FORUMU - HEYDAR ALIYEV FONDU.jpg
29 noyabr 2006

GUAM Ölkələri Gənclər Forumunun birinci konqresinin iştirakçıları Heydər Əliyev Fondunda olublar

GUAM Ölkələri Gənclər Forumunun birinci konqresinin iştirakçıları noyabrın 29-da Heydər Əliyev Fondunda olmuşlar.

 

Qonaqlara ümummilli lider Heydər Əliyevin xatirəsinə ehtiram əlaməti olaraq yaradılmış Fondun məqsədləri, ulu öndərin şəxsi arxivindən götürülmüş və onun fəaliyyətinin ayrı-ayrı dövrlərini əhatə edən eksponatlar haqqında ətraflı məlumat verilmişdir. Onlar fenomen şəxsiyyət Heydər Əliyevin həyatının ən müxtəlif məqamlarını əks etdirən və tariximizin bütöv bir dövrü barədə geniş təsəvvür yaradan sənədlərlə, tanınmış siyasi xadimlərin bəxş etdikləri hədiyyələrlə, ulu öndərimiz haqqında kitablarla tanış olmuşlar. Ümummilli liderin Avropa ölkələrinin rəhbərləri ilə müxtəlif dövrlərdə keçirdiyi görüşlər, çəkdirdiyi xatirə şəkilləri, Azərbaycana rəhbərliyi dövründə və Moskvada SSRİ hökumətinin başçılarından biri olarkən gənclərin problemlərinin həllinə, onların mənəvi-fiziki tərbiyəsinə verdiyi şəxsi töhfələr haqqında məlumatlar qonaqlarda xoş təəssürat doğurmuşdur.

 

Bildirilmişdir ki, Fondun əsas məqsədləri görkəmli siyasi xadim Heydər Əliyevin zəngin irsini öyrənmək və təbliğ etməkdən, ulu öndərin Azərbaycanın sosial-iqtisadi, mədəni tərəqqisinə yönəlmiş genişmiqyaslı fəaliyyəti barədə gələcək nəsillərdə, xarici qonaqlarda əyani təsəvvür yaratmaqdan, dahi şəxsiyyətin müəllifi olduğu beynəlxalq layihələrin həyata keçirilməsini dəstəkləməkdən, Azərbaycan mədəniyyəti və tarixinin geniş təbliği ilə əlaqədar aparılan işlərə kömək göstərməkdən ibarətdir. Eyni zamanda, Fond genişmiqyaslı layihələr də həyata keçirir, görkəmli siyasi xadimin arzularının reallaşmasına öz töhfəsini verir.


FOTO