08_RUSIYA BASH NAZIRI-HEYDAR ALIYEV FONDU.JPG
4 dekabr 2006

Rusiya Federasiyası hökumətinin sədri Mixail Fradkov Heydər Əliyev Fondunda olub

Rusiya Federasiyası hökumətinin sədri Mixail Fradkov dekabrın 4-də Heydər Əliyev Fondunda olmuşdur.


Hörmətli qonağa ümummilli lider Heydər Əliyevin xatirəsinə ehtiram əlaməti olaraq yaradılmış Fondun məqsədləri, ulu öndərin şəxsi arxivindən götürülmüş və onun fəaliyyətinin ayrı-ayrı dövrlərini əhatə edən eksponatlar haqqında ətraflı məlumat verildi. Mixail Fradkov fenomen şəxsiyyət Heydər Əliyevin həyatının ən müxtəlif məqamlarını əks etdirən və tariximizin bütöv bir dövrü barədə geniş təsəvvür yaradan sənədlərlə, tanınmış siyasi xadimlərin bəxş etdikləri hədiyyələrlə, ulu öndərimiz haqqında kitablarla tanış oldu.

 

Rusiya Federasiyası hökumətinin sədri görkəmli siyasi xadim Heydər Əliyevin Moskvada keçmiş SSRİ-nin rəhbərlərindən biri olarkən genişmiqyaslı fəaliyyətini əks etdirən fotosənədlərə xüsusi maraq göstərdi.

 

Hörmətli qonağa bildirildi ki, Fondun əsas məqsədləri görkəmli siyasi xadim Heydər Əliyevin zəngin irsini öyrənmək və təbliğ etməkdən, Azərbaycanın sosial-iqtisadi, mədəni tərəqqisinə yönəlmiş genişmiqyaslı fəaliyyəti barədə gələcək nəsillərdə, xarici qonaqlarda əyani təsəvvür yaratmaqdan, dahi şəxsiyyətin müəllifi olduğu beynəlxalq layihələrin həyata keçirilməsini dəstəkləməkdən, Azərbaycan mədəniyyəti və tarixinin geniş təbliği ilə əlaqədar aparılan işlərə kömək göstərməkdən ibarətdir. Fond həm də genişmiqyaslı layihələr həyata keçirir, görkəmli siyasi xadimin arzularının reallaşmasına öz töhfəsini verir.

 

Mixail Fradkov Fondun xatirə kitabına öz təəssüratını yazdı, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev şəxsiyyətinə hörmət və ehtiramını ifadə etdi.

 

Hörmətli qonağa Fondun fəaliyyətindən bəhs edən kitab hədiyyə edildi.

 

Azərbaycan Respublikasının Moskvadakı səfiri Polad Bülbüloğlu və Rusiya Federasiyasının Bakıdakı səfiri Vasili İstratov da qonaqla birlikdə Fondda olmuşlar.


FOTO