007.jpg
14 sentyabr 2006

Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Əzizbəyov rayonunda bir sıra məktəblərdə olub

Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva sentyabrın 14-də Əzizbəyov rayonunda olub.


Zirə qəsəbəsindəki 122 nömrəli məktəbin açılış mərasiminə gələn Mehriban xanımı burada gül-çiçəklə qarşıladılar. Fondun prezidenti təzə məktəbin açılışı münasibətilə qəsəbə sakinlərinə gözaydınlığı verdi, məktəbliləri yeni dərs ilinin başlanması münasibətilə təbrik etdi, onlara elmlərə səylə yiyələnməyi arzuladı.

 

Bakı Şəhər Baş Təhsil İdarəsinin rəisi Nailə Rzaquliyeva bildirdi ki, indiyədək burada ibtidai təhsil alan uşaqlar sonra Pirallahı qəsəbəsindəki məktəbə gedib-gəlirdilər. İndi bu problem həll edilmiş, uşaqların əziyyətinə son qoyulmuşdur. Məktəb bütün lazımi avadanlıqla, kompyuterlərlə də təmin edilmişdir.

 

Yeni dərs ili ərəfəsində Mərdəkan qəsəbəsindəki 183 nömrəli orta məktəb üçün Fondun "Yeniləşən Azərbaycana yeni məktəb" proqramı çərçivəsində tikilən əlavə korpusun açılışı da yaddaqalan hadisəyə çevrildi. Mehriban xanımın seçkiqabağı görüşlərində qaldırılmış bu təşəbbüsün reallaşması nəticəsində qısa müddətdə ən müasir tələblərə cavab verən 12 sinif otağı, fənn kabinələri, kompyuter otaqları olan bina tikilmiş, təzə avadanlıqla təmin edilmişdir.

 

Məktəbin direktoru Billurə Ələkbərova bildirdi ki, 1936-cı ildə tikilmiş əsas binada indiyədək heç bir təmir aparılmadığından, məktəb çətin vəziyyətə düşmüşdü, dərslərin normal keçilməsi üçün şərait yox idi. 900 şagirdin təhsil aldığı məktəbdə ikinövbəlilik də aradan qaldırılacaqdır. Həm rus, həm də Azərbaycan bölməsində şagird və müəllimlər üçün hər cür şərait var, dərsliklərlə, bədii ədəbiyyatla təminat sarıdan problem yoxdur.

 

Mehriban xanım kompyuter otağında aşağı sinif şagirdlərinin internetlə işləmək vərdişləri ilə maraqlandı, hətta bir neçə saniyəyə ekranda maraqlı şəkillər çəkərək, uşaqların da tezliklə belə vərdişlərə yiyələnməsinin müasir dövrün tələbi olduğunu vurğuladı.

 

Mehriban xanım Əliyeva bildirdi ki, gələn il məktəbin köhnə binasının tamamilə yenidən qurulması nəzərdə tutulmuşdur.

 

Müəllimlər və şagirdlərlə xatirə şəkli çəkdirən Fondun prezidenti sonra Şüvəlan qəsəbəsinə gəldi.

 

Burada Heydər Əliyev Fondunun həyata keçirdiyi proqram çərçivəsində 156 nömrəli məktəb üçün 1100 yerlik təzə binanın təməlinin qoyulması mərasimi keçirildi.

 

Şəhər Baş Təhsil İdarəsinin rəisi Nailə Rzaquliyeva bildirdi ki, həm mütəxəssislərin rəyi nəzərə alınmaqla, həm də Mehriban xanımın təklifi ilə yararsız binanın sökülüb yerində təzəsinin tikilməsi qərara alınmışdır. 156 nömrəli məktəbin bütün müəllim və şagird kollektivinin fəaliyyətini qonşuluqdakı 237 nömrəli məktəbdə ikinci növbədə davam etdirməsi üçün hər cür şərait yaradılmışdır. Yeni binanın isə gələn ilin sentyabrına kimi inşa edilməsi nəzərdə tutulur. Üçmərtəbəli, 3 korpuslu yeni məktəbin müasir tələblərə cavab verən kitabxanası, kompyuter otaqları, fənn kabinələri, idman kompleksi də olacaqdır.

 

Mehriban xanım layihə ilə tanış olduqdan sonra, Heydər Əliyev Fondunun proqramına əsasən, 2006-cı il sentyabrın 14-də məktəbin təməlinin qoyulduğunu bildirən yazını gilizə qoyub bünövrəyə atdı, ilk beton qarışığını tökdü.

 

Şüvəlan qəsəbəsində tikilmiş 230 nömrəli orta məktəb maddi-texniki bazasının zənginliyinə görə ölkəmizdə ən müasir təhsil komplekslərindən biridir. 20 Yanvar şəhidi, bu məktəbin məzunu Fuad Fərhad oğlunun adını daşıyan təhsil ocağının qarşısına toplaşan sakinlərin, müəllim və şagirdlərin sevinci aşkar hiss olunurdu.

 

Üçmərtəbəli məktəb binasındakı geniş və işıqlı otaqlar, keyfiyyətli, original dizaynlı avadanlıq, zəngin kitabxana, əmək təlimi emalatxanaları, son model kompyuterlərlə təchiz edilmiş internet otaqları, ən yüksək səviyyəli tədbirlərin də keçirilməsinə şəraiti olan iclas salonu göz oxşayır. Ümummilli liderimiz Heydər Əliyevin "Təhsil hər bir millətin, ölkənin, cəmiyyətin həyatının, fəaliyyətinin mühüm bir sahəsidir", "Torpağı qorumaq, torpaq uğrunda həlak olmaq insan üçün böyük şərəfdir" sözləri yazılmış lövhələr, şəhid döyüşçülərin xatirə guşəsi, ulu öndərin şərəfli ömür yolunu, Heydər Əliyev Fondunun həyata keçirdiyi layihələri əks etdirən fotostendlər zövqlə tərtib olunmuşdur.

 

Məktəbin direktoru, 40 illik pedoqoji fəaliyyətinin 30 ilini bu vəzifədə işləyən İlyas Qəmbərov Azərbaycanın birinci xanımına dedi ki, 41 sinif otağı olan təhsil ocağında 1200 nəfərin oxuması üçün hər cür şərait vardır. Belə bir məktəbimizin olacağını təsəvvürümüzə də gətirə bilməzdik. Ancaq Sizin diqqət və qayğınız sayəsində belə möhtəşəm bir bina tikilib istifadəyə verildi.

 

Mehriban xanım məktəblə, geniş bir sahədə inşa edilmiş, müasir standartlara cavab verən üstüörtülü, yaşıl meydançalı futbol stadionu ilə tanış oldu. O, görülən işlərin keyfiyyətindən razı qalaraq dedi ki, belə stadionu, idman kompleksi olan məktəbin, yəqin ki, layiqli komandası, idmançıları da olacaqdır.

 

Sonra Mehriban xanım Əliyeva məktəbin qarşısına toplaşmış müəllim və şagirdlərə, onun gəldiyini eşidərək buraya toplaşan qəsəbə sakinlərinə müraciətlə dedi:

 

- Mən çox şadam ki, müasir Avropa standartlarına cavab verən belə bir məktəb tikilib istifadəyə verilibdir. Bu məktəbdə şagirdlər ancaq əla və yaxşı oxumalıdır. Onlar da, müəllimlər də çalışmalıdırlar ki, bu gözəlliyi qoruyub saxlasınlar. Mən hər gəlişimdə görürəm ki, qəsəbəniz günü-gündən dəyişir, yollar abadlaşır, yaşıllıqlar çoxalır. Ötən dəfə uşaq bağçasını açdıq, indi məktəbin açılışını etdik. Gələndə baxırdım, binaların bir çoxunun damı köhnəlib, onları da təzələmək lazımdır, bura gözəl qəsəbə olacaqdır. Sizin hər birinizə cansağlığı, uğurlar arzulayıram. Çox sağ olun.


FOTO