4 dekabr 2006

Astara rayonunun Deqədi kəndində yeni məktəbin açılışı olub

Dekabrın 4-də Astara rayonunun Deqədi kəndində Heydər Əliyev Fondunun təşəbbüsü ilə "Yeniləşən Azərbaycana - yeni məktəb" Proqramı çərçivəsində inşa edilmiş 240 yerlik yeni məktəbin açılışı olmuşdur.


Rayonun dağlıq ərazisində 4 ay müddətində müasir üslubda tikilmiş yeni məktəb binası Heydər Əliyev Fondunun təşəbbüsü ilə Astarada inşa edilən beşinci təhsil müəssisəsidir.

 

Bu münasibətlə keçirilən mərasimdə rayon icra hakimiyyəti başçısının müavini Natiq İbadov, təhsil şöbəsinin müdiri Qızbəs Məmmədova, məktəbin direktoru Mehdi Məmmədov və başqaları çıxış edərək regionlarda təhsilin inkişafına göstərilən qayğıya görə ölkəmizin başçısına və Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildirmişlər.

 

Şagirdlər məktəbin dil-ədəbiyyat müəllimi, şair İbrahim Yanarın Azərbaycan Prezidentinə və Mehriban xanıma həsr etdiyi şeirləri ifa etmişlər.

 

Rəmzi qırmızı lent kəsildikdən sonra qonaqlar yeni məktəbdə yaradılan şəraitlə tanış olmuşlar.