IMG_8741.JPG
21 iyun 2012

Heydər Əliyev Fondunun dəstəyi ilə bir qrup amerikalı məktəbli Azərbaycanda səfərdədir

Heydər Əliyev Fondu və Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı səfirliyinin birgə dəstəyi ilə keçirilmiş inşa müsabiqəsinin qalibi olmuş amerikalı məktəblilər iyunun 20-dən ölkəmizdə səfərdədirlər. Səfər iyunun 28-dək davam edəcəkdir.


Ümumbəşəri Məsələlərin Araşdırılması üzrə Amerika Şurasının Azərbaycan ilə bağlı keçirdiyi inşa müsabiqəsi 2011-ci ilin dekabr ayında 3 min məktəbli arasında elan edilmiş və 2012-ci ilin mart  ayının 1-də başa çatmışdır. Şuranın proqram rəhbəri Althea Georgantas və Azərbaycanın Santa-Fe şəhərindəki fəxri konsulu Emmit Riçard Art McHaffie amerikalı məktəbliləri müşayiət edir.


Səfərin ilk günü qonaqlar Heydər Əliyev Fondunda muzeylə tanış olmuş, Fondun fəaliyyəti ilə maraqlanmışlar. Daha sonra nümayəndə heyəti Muğam Mərkəzində olmuş, İçərişəhəri və Milli Parkı gəzmişlər.


Qonaqlar səfər çərçivəsində bir sıra hökumət nümayəndələri ilə görüşlərdə iştirak edəcək, Xəzər Enerji Mərkəzində, Azərbaycan Diplomatik Akademiyasında, ABŞ səfirliyində və Amerika Mərkəzində olacaqlar. İstirahət saatlarında amerikalı məktəblilər Azərbaycan Dövlət Tarix Muzeyi, Azərbaycan Dövlət İncəsənət Muzeyi, Müasir İncəsənət Muzeyi və Qala Dövlət Tarix-Etnoqrafiya Qoruğu ilə tanış olacaqlar. Proqramda qonaqların Qəbələ rayonuna səfəri nəzərdə tutulur.


Ümumbəşəri Məsələlərin Araşdırılması üzrə Amerika Şurası Birləşmiş Ştatların 40 ştatında yerləşən 100-ə yaxın nümayəndəlikdən ibarətdir və həyata keçirdiyi qlobal layihələrdə hər il 500 minə yaxın insan iştirak edir.



FOTO