10 noyabr 2006

Polşa Senatının sədri Boqdan Boruseviç və onu müşayiət edən şəxslər Heydər Əliyev Fondunda olublar

Polşa Senatının sədri Boqdan Boruseviç və onu müşayiət edən şəxslər noyabrın 10-da Heydər Əliyev Fondunda olmuşlar.

 

Ulu öndərin şəxsi arxivindən götürülmüş və onun fəaliyyətinin ayrı-ayrı dövrlərini əhatə edən eksponatlar barədə qonaqlara ətraflı məlumat verildi. Onlar fenomen şəxsiyyət Heydər Əliyevin həyatının ən müxtəlif məqamlarını əks etdirən və tariximizin bütöv bir dövrü barədə geniş təsəvvür yaradan sənədlərlə, tanınmış siyasi xadimlərin bəxş etdikləri hədiyyələrlə, ulu öndərimiz haqqında kitablarla tanış oldular.

 

Avropa ölkələrinin liderləri ilə müxtəlif dövrlərdə keçirdiyi görüşlər, çəkdirdiyi xatirə şəkilləri, eləcə də Fondun fəaliyyəti, həyata keçirdiyi layihələr, beynəlxalq əlaqələri haqqında verilən məlumatlar qonaqlarda xoş təəssürat doğurdu.

 

Bildirildi ki, Fondun əsas məqsədləri görkəmli siyasi xadim Heydər Əliyevin zəngin irsini öyrənmək və təbliğ etməkdən, ulu öndərin Azərbaycanın sosial-iqtisadi, mədəni tərəqqisinə yönəlmiş genişmiqyaslı fəaliyyəti barədə gələcək nəsillərdə, xarici qonaqlarda əyani təsəvvür yaratmaqdan, dahi şəxsiyyətin müəllifi olduğu beynəlxalq layihələrin həyata keçirilməsini dəstəkləməkdən, Azərbaycan mədəniyyəti və tarixinin geniş təbliği ilə əlaqədar aparılan işlərə kömək göstərməkdən ibarətdir. Ancaq bununla birlikdə Fond genişmiqyaslı layihələr də həyata keçirir, görkəmli siyasi xadimin vəsiyyətlərinin reallaşmasına öz töhfəsini verir.

 

Polşa Senatının sədri Boqdan Boruseviç Fondun Xatirə kitabına ürək sözlərini yazdı.

 

Müasir Azərbaycan dövlətinin qurucusunun xatirəsinə ehtiramını bildirən hörmətli qonaq Fondun fəaliyyətini yüksək qiymətləndirdi.

 

Heydər Əliyev Fondunun fəaliyyətini əks etdirən kitab Boqdan Boruseviçə hədiyyə verildi.

 

Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov qonaqlarla birlikdə Fondda olmuşdur.