01_ARABISTAN MADANIYAT NAZIRI - HEYDAR ALIYEV FONDU.jpg
13 dekabr 2006

Səudiyyə Ərəbistanı Mədəniyyət və İnformasiya Nazirliyinin nümayəndə heyəti Heydər Əliyev Fondunda olub

Azərbaycanda səfərdə olan Səudiyyə Ərəbistanı Krallığının mədəniyyət və informasiya naziri İyad ibn Əmin əl-Mədəni və onu müşayiət edən şəxslər dekabrın 13-də Heydər Əliyev Fondunda olmuşlar.


Fondun icraçı direktoru Anar Ələkbərov qonaqları Heydər Əliyev Fondunun və Azərbaycan Mədəniyyətinin Dostları Fondunun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın adından salamladı.

 

Qonaqlar Fondun sərgi və ekspozisiyası ilə tanış oldular. Ulu öndərin şəxsi arxivindən götürülmüş və onun uşaqlıq, gənclik, tələbəlik illərini, fəaliyyətinin ən müxtəlif dövrlərini əhatə edən nadir sənədlər, həyatının ayrı-ayrı məqamlarını əks etdirən və Azərbaycan tarixinin bütöv bir dövrü barədə geniş təsəvvür yaradan çoxsaylı fotoşəkillər, dünyanın tanınmış siyasi xadimlərinin ona bəxş etdikləri hədiyyələr, dahi şəxsiyyət haqqında yazılmış kitablar, onun müxtəlif ölkələrin liderləri, elm, mədəniyyət və incəsənət xadimləri ilə çəkilmiş fotoşəkilləri qonaqlarda böyük maraq doğurdu. Qonaqlar keçmiş SSRİ-nin müxtəlif guşələrində, respublikamızın ayrı-ayrı şəhər və rayonlarında keçirilən tədbirlərdə çəkilmiş yadigar fotoşəkillərə, iş otağındakı əşyalara ulu öndərin valideynləri, sevimli ömür-gün yoldaşı, görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyeva ilə, övladları və nəvələri ilə, habelə Məkkəyə həcc ziyarəti zamanı çəkdirdiyi fotoşəkillərə maraqla tamaşa etdilər.

 

Nümayəndə heyətinə Fondun məqsəd və məramları, gördüyü xeyirxah işlər, həyata keçirdiyi layihələr, beynəlxalq əlaqələri barədə ətraflı məlumat verildi. Onlar Fondun vəsaiti ilə buraxılmış kitab, albom, audio-video disklərə, məktəb ləvazimatlarına da baxdılar, xatirə şəkli çəkdirdilər.

 

Sonda Səudiyyə Ərəbistanı Krallığının mədəniyyət və informasiya naziri İyad ibn Əmin əl-Mədəni Fondun Xatirə kitabına ürək sözlərini yazdı. Hörmətli qonağa Heydər Əliyev Fondunun buraxdığı "Qarabağ xanəndələri" musiqi albomu hədiyyə edildi.


FOTO