13 noyabr 2006

Çin Xalq Respublikasının nümayəndə heyəti Heydər Əliyev Fondunda olub

Çin Xalq Respublikası Baş Dövlət Bədən Tərbiyəsi və İdman İdarəsi rəisinin müavini, Beynəlxalq Olimpiya Komitəsi İcraiyyə Komitəsinin üzvü, Çin Olimpiya Komitəsinin vitse-prezidenti Yuy Szaytsinin başçılıq etdiyi nümayəndə heyəti noyabrın 13-də Heydər Əliyev Fondunda olmuşdur.

 

Fondun icraçı direktoru Anar Ələkbərov çinli qonaqları salamladıqdan sonra Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xatirəsinə ehtiram əlaməti olaraq yaradılmış Fondun fəaliyyəti barədə qonaqlara ətraflı məlumat vermişdir. Bildirilmişdir ki, Fondun əsas məqsədləri görkəmli siyasi xadim Heydər Əliyevin zəngin irsini öyrənmək və təbliğ etməkdən, ulu öndərin Azərbaycanın sosial-iqtisadi, mədəni tərəqqisinə yönəlmiş genişmiqyaslı fəaliyyəti barədə gələcək nəsillərdə, xarici qonaqlarda əyani təsəvvür yaratmaqdan, dahi şəxsiyyətin müəllifi olduğu beynəlxalq layihələrin həyata keçirilməsini dəstəkləməkdən, Azərbaycan mədəniyyəti və tarixinin geniş təbliği ilə əlaqədar aparılan işlərə kömək göstərməkdən ibarətdir.

 

Ulu öndərin şəxsi arxivindən götürülmüş və onun fəaliyyətinin ayrı-ayrı dövrlərini əhatə edən eksponatlar çinli qonaqlarda xoş təəssürat yaratmışdır. Onlar fenomen şəxsiyyət Heydər Əliyevin həyatının ən müxtəlif məqamlarını əks etdirən və tariximizin bütöv bir dövrü barədə geniş təsəvvür yaradan sənədlərlə, tanınmış siyasi xadimlərin bəxş etdikləri hədiyyələrlə, ulu öndərimiz haqqında kitablarla tanış oldular. Görkəmli dövlət xadiminin dünya ölkələrinin liderləri ilə müxtəlif dövrlərdə keçirdiyi görüşlər, çəkdirdiyi xatirə şəkilləri, eləcə də Fondun fəaliyyəti, həyata keçirdiyi layihələr, beynəlxalq əlaqələri haqqında verilən məlumatlar qonaqlarda böyük təəssürat doğurmuşdur.

 

Çin Xalq Respublikası Baş Dövlət Bədən Tərbiyəsi və İdman İdarəsi rəisinin müavini, Beynəlxalq Olimpiya Komitəsi İcraiyyə Komitəsinin üzvü, Çin Olimpiya Komitəsinin vitse-prezidenti Yuy Szaytsin Fondun Xatirə kitabına ürək sözlərini yazmış, müasir Azərbaycan dövlətinin qurucusuna öz ehtiramını bildirmiş, Fonda genişmiqyaslı fəaliyyətində uğurlar arzulamışdır.

 

Anar Ələkbərov Heydər Əliyev Fondunun fəaliyyətini əks etdirən kitabı və Fondun layihəsi olan "Qarabağ xanəndələri" musiqi albomunu hörmətli qonağa hədiyyə etmişdir.

 

Yuy Szaytsin Fonda xatirə hədiyyələri təqdim etmişdir.

 

Azərbaycan Respublikası Gənclər və idman naziri Azad Rəhimov da qonaqlarla birlikdə Fondda olmuşdur.