15 sentyabr 2006

Heydər Əliyev Fondunun Qax məktəblilərinə hədiyyəsi

Yeni dərs ilinin ilk günü Qax rayonunun təhsil işçiləri üçün də əlamətdar və yaddaqalan olmuşdur. Heydər Əliyev Fondunun həyata keçirdiyi "Yeniləşən Azərbaycana yeni məktəb" proqramının ikinci mərhələsi çərçivəsində Qax şəhərindəki Dilarə Əliyeva adına 1 saylı orta məktəb üçün 240 yerlik yeni bina istifadəyə verilmişdir.


Bu münasibətlə keçirilən mərasimi giriş sözü ilə açan rayon təhsil şöbəsinin müdiri Məmməd Xasıyev bu dəyərli hədiyyəyə görə Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevaya rayon ictimaiyyəti adından dərin minnətdarlığını bildirmişdir. Natiq ali məktəblərə bu il keçirilən qəbul imtahanlarında Qax məzunlarının qazandığı böyük uğurlar barədə danışmış, onlardan 11 nəfərin 600-dən, o cümlədən 6 nəfərin 650-dən çox bal toplamasını, 3 nəfərin isə Prezident təqaüdünə layiq görülməsini müəllimlərin gərgin əməyinin nəticəsi kimi qiymətləndirmişdir.

 

Mərasimdə məktəbin direktoru Mədinə Heydərova çıxış edərək tikinti işlərinin aparılmasına göstərdiyi təşkilati köməyə, yüksək diqqət və qayğıya görə bu qocaman tədris ocağının məzunu, Meliorasiya və Su Təsərrüfatı ASC-nin rəhbəri Əhməd Əhmədzadəyə, habelə tikinti işlərini həyata keçirən "Azəraqrartikinti" ASC-nin inşaatçılarına minnətdarlığını bildirmişdir.

 

Açılış mərasimində Qax rayon İcra Hakimiyyətinin başçısı Abbas Göyüşov, Meliorasiya və Su Təsərrüfatı ASC- nin sədri Əhməd Əhmədzadə çıxış edərək yeni binanın istifadəyə verilməsi münasibəti ilə məktəb kollektivini təbrik etmiş, ona yeni dərs ilində daha böyük uğurlar arzulamışlar.

 

Açılışı bildirən qırmızı lent kəsilmiş, tədbir iştirakçıları yeni məktəb binası ilə yaxından tanış olmuşlar. Xüsusi layihə əsasında müasir standartlara uyğun inşa edilən birmərtəbəli yeni binada 12 sinif, habelə kompüter və digər otaqlar vardır. Məktəb lazımi avadanlıqla, habelə müasir istilik sistemi ilə təchiz olunmuşdur.

 

Mərasim bədii özfəaliyyət kollektivlərinin maraqlı konsert proqramı ilə başa çatmışdır.