15 sentyabr 2006

Hacıqabulun Qızılburun kəndində Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa edilmiş məktəb istifadəyə verilib

Sentyabrın 15-də Hacıqabul rayonunun Qızılburun kəndində Heydər Əliyev Fondunun həyata keçirdiyi "Yeniləşən Azərbaycana yeni məktəb" proqramı çərçivəsində inşa edilmiş 240 yerlik məktəbin təntənəli açılış mərasimi keçirilmişdir.


Mərasim iştirakçıları əvvəlcə məktəbin geniş, işıqlı sinif otaqları, zəngin fənn kabinələri, kompyuter otaqları, idman kompleksi, mərkəzləşdirilmiş istilik sistemi ilə tanış oldular, bu təhsil ocağının 1932-ci ildə tikilmiş, artıq xatirəyə çevrilən köhnə binasına baxdılar.

 

Fondun icraçı direktoru Anar Ələkbərov Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın səmimi təbriklərini, yeni dərs ilinin başlanması - Bilik günü münasibətilə ən xoş arzularını məktəbin müəllim və şagirdlərinə, kənd sakinlərinə çatdırdı. Fondun həyata keçirdiyi proqram çərçivəsində bu gün burada artıq sayca 260-cı məktəbin açıldığını bildirən A.Ələkbərov, təhsil ocağında müasir tələblərə cavab verən hər cür şəraitin olduğunu vurğuladı. Çıxış edən müəllimlər və valideynlər Azərbaycanın birinci xanımının ölkəmizdə təhsilin inkişafına göstərdiyi ardıcıl diqqət və qayğının minlərlə ailəyə sevinc, rahatlıq bəxş etdiyini, gənc nəslin sağlam ruhda böyüməsinə imkan yaratdığını minnətdarlıq hissləri ilə söylədilər. Məktəblilər ümummilli liderimiz Heydər Əliyevin vəsiyyətlərinə sadiq qalacaqlarını, dövlətimizin, onun Prezidentinin qayğısına layiq böyüyüb təhsil alacaqlarını, məktəbi göz bəbəyi kimi qoruyacaqlarını bildirdilər.