01_SAUDIYYA ARABISTANI-SAFAR- SULEYMAN AL-HUMAYYD-HEYDAR ALIYEV FONDU.jpg
16 noyabr 2006

Səudiyyə Ərəbistanı Krallığının Ali Sosial Sığorta Təşkilatının nümayəndə heyəti Heydər Əliyev Fondunda olub

Səudiyyə Ərəbistanı Krallığının Ali Sosial Sığorta Təşkilatının sədri Süleyman əl-Hümayyd və onu müşayiət edən şəxslər noyabrın 16-da Heydər Əliyev Fondunda olmuşlar.

 

Fondun icraçı direktoru Anar Ələkbərov qonaqlara Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xatirəsinə ehtiram əlaməti olaraq yaradılmış Fondun məqsədləri, ulu öndərin şəxsi arxivindən götürülmüş və onun fəaliyyətinin ayrı-ayrı dövrlərini əhatə edən eksponatlar barədə məlumat verdi. Onlar fenomen şəxsiyyət Heydər Əliyevin həyatının ən müxtəlif məqamlarını əks etdirən və tariximizin bütöv bir dövrü barədə geniş təsəvvür yaradan çoxlu sənədlərlə, tanınmış siyasi xadimlərin bəxş etdikləri hədiyyələrlə, ulu öndərimiz haqqında kitablarla tanış oldular.

 

Şərq ölkələrinin, müsəlman dövlətlərinin liderləri ilə, xüsusilə 1994-cü ilin iyulunda Səudiyyə Ərəbistanına səfəri zamanı Kral Fəhd bin Əbdüləziz Al Səudla keçirdiyi görüşlər, çəkdirdiyi xatirə şəkilləri qonaqlarda böyük təəssürat doğurdu. Fondun fəaliyyəti, həyata keçirdiyi layihələr, beynəlxalq əlaqələri haqqında verilən məlumatları da maraqla qarşılandı.

 

Bildirildi ki, Fondun əsas məqsədləri görkəmli siyasi xadim Heydər Əliyevin zəngin irsini öyrənmək və təbliğ etməkdən, ulu öndərin Azərbaycanın sosial-iqtisadi, mədəni tərəqqisinə yönəlmiş genişmiqyaslı fəaliyyəti barədə gələcək nəsillərdə, xarici qonaqlarda əyani təsəvvür yaratmaqdan, dahi şəxsiyyətin müəllifi olduğu beynəlxalq layihələrin həyata keçirilməsini dəstəkləməkdən, Azərbaycan mədəniyyəti və tarixinin geniş təbliği ilə əlaqədar aparılan işlərə kömək göstərməkdən ibarətdir. Bununla yanaşı, Fond genişmiqyaslı layihələr də həyata keçirir, görkəmli siyasi xadimin arzularının reallaşmasına öz töhfəsini verir.

 

Səudiyyə Ərəbistanı Krallığının Ali Sosial Sığorta Təşkilatının sədri Süleyman əl-Hümayyd Fondun Xatirə kitabına ürək sözlərini yazaraq, müasir Azərbaycan dövlətinin qurucusunun xatirəsinə öz ehtiramını bildirdi, Fondun çoxşaxəli fəaliyyətini yüksək qiymətləndirdi.

 

Hörmətli qonağa Heydər Əliyev Fondunun fəaliyyətini əks etdirən kitab və Şərq musiqisinin nadir incisi olan Azərbaycan muğamlarının toplandığı "Qarabağ xanəndələri" albomu hədiyyə edildi.

 

Süleyman əl-Hümayyd da Fonda xatirə hədiyyəsi bağışladı.


FOTO