30 sentyabr 2006

Heydər Əliyev Fondu Balakəndə daha bir məktəb binası istifadəyə verib

Sentyabrın 30-da Balakən rayonunda Heydər Əliyev Fondunun həyata keçirdiyi "Yeniləşən Azərbaycana yeni məktəb" proqramı çərçivəsində inşa edilən 120 yerlik yeni məktəb binasının, habelə regionların sosial-iqtisadi inkişafı Dövlət proqramına uyğun olaraq, tikilən 240 yerlik texniki-humanitar təmayüllü liseyin, Tarix-diyarşünaslıq muzeyinin yeni binalarının təntənəli açılış mərasimləri olmuşdur. Mərasimlərdə Dövlət Neft Şirkətinin prezidenti, Milli Məclisin deputatı Rövnəq Abdullayev iştirak etmişdir.


Qonaqlar əvvəlcə Gərəkli kəndinə gəlmiş, burada regionların sosial-iqtisadi inkişafı Dövlət proqramına uyğun olaraq, orta məktəb üçün inşa edilmiş 10 əlavə sinif otağından ibarət yeni korpusla tanış olmuşlar.

 

"Yeniləşən Azərbaycana yeni məktəb" proqramı çərçivəsində Balakən rayonunun ən ucqar yaşayış məntəqəsində - Gürcüstan və Rusiya ilə həmsərhəd ərazidə yerləşən Mazımçay kəndində tikilmiş 120 yerlik məktəb binasının açılışına toplaşan kənd sakinləri, rayon ictimaiyyətinin nümayəndələri qonaqları səmimiyyətlə qarşıladılar.

 

Mərasimdə çıxış edən ARDNŞ-in prezidenti Rövnəq Abdullayev əlamətdar hadisə münasibətilə kənd sakinlərini və məktəbin kollektivini təbrik etdi. Əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş təhsil islahatları proqramının hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini, ölkəmizdə təhsilin inkişafına, maddi-texniki bazasının möhkəmləndirilməsinə dövlət səviyyəsində yüksək diqqət və qayğı göstərildiyini bildirmiş, bu sahədə Heydər Əliyev Fondunun məqsədyönlü fəaliyyətini xüsusi xatırlatmışdır. Regionların sosial-iqtisadi inkişafı Dövlət proqramı çərçivəsində gerçəkləşdirilən layihələrdə şirkətin fəal iştirak etdiyini vurğulayan R.Abdullayev hazırda ARDNŞ-in maliyyə dəstəyi ilə regionlarda yeni sosial obyektlərin, o cümlədən Balakən şəhərində respublikada anoloqu olmayan yeni xəstəxana binasının tikildiyini bildirdi.

 

Rayon İcra hakimiyyətinin başçısı Asif Məmmədov Prezident İlham Əliyevin Balakən rayonuna səfərinin rayonun hər bir sakininin yaddaşında silinməz iz buraxdığını söylədi. O, Azərbaycan təhsilinin inkişafındakı əvəzsiz xidmətlərinə, o cümlədən Balakən rayonuna daha bir məktəb binası hədiyyə etdiyinə görə Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevaya balakənlilər adından dərin minnətdarlığını bildirdi.

 

Sonra mərasim iştirakçıları yeni təhsil ocağı ilə yaxından tanış oldular. Xüsusi layihə əsasında müasir tələblərə uyğun tikilmiş məktəbdə kompyuter otağı, yardımçı otaqlar da var. Məktəb müasir istilik sistemi və yüksək keyfiyyətli inventarla təchiz edilmişdir.

 

Balakən şəhərində texniki-humanitar təmayüllü liseyin binasının açılışı da yaddaqalan oldu. 1994-cü ildən fəaliyyət göstərən bu təhsil ocağı indiyə kimi uyğunlaşdırılmış müxtəlif binalarda fəaliyyət göstərmişdir. Müasir standartlara uyğun inşa edilən ikimərtəbəli yeni binada 12 sinif otağı, habelə laboratoriyalar, kitabxana və fənn kabinetləri, idman salonu var. Binada müasir istilik sistemi quraşdırılmışdır.

 

Sonra qonaqlar Tarix-diyarşünaslıq muzeyinin yeni binasının açılış mərasimində də iştirak etdilər, şəhərdə yeni salınan istirahət parkında işlərin gedişi ilə tanış oldular.