27 sentyabr 2006

Astarada Heydər Əliyev Fondunun təşəbbüsü ilə tikilmiş yeni məktəb binasının açılışı olub

Heydər Əliyev Fondunun həyata keçirdiyi "Yeniləşən Azərbaycana yeni məktəb" Proqramı çərçivəsində Astara rayonunun Təngərüd kəndində 540 yerlik yeni məktəb binasının açılışı olmuşdur.


"Zirvə-A" MMC-nin inşaatçıları tərəfindən qısa müddətdə tikilən yeni məktəb binasının istilik və işıq sistemi təzələnmiş, təhsil ocağı yeni avadanlıq və ləvazimatla təmin olunmuşdur.

 

Mərasimdə rayon icra hakimiyyətinin başçısı Mahir Quliyev, təhsil şöbəsinin müdiri Qızbəs Məmmədova, məktəbin direktoru Tariyel Əsgərov, ağsaqqalar, ziyalılar və təhsil işçiləri çıxış edərək 2005-ci ildə Azərbaycan Prezidentinin cənub bölgəsinə səfəri zamanı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deutatı Mehriban xanım Əliyevanın Fondun təşəbbüsü ilə məktəb üçün inşa edilmiş 240 yerlik tədris korpusunun açılışında iştirakını xatırlayaraq qeyd etmişlər ki, məktəblə tanışlıqdan sonra Azərbaycanın birinci xanımının tövsiyəsi ilə məktəbin əsas korpusunun inşasına başlanmış, iki ay müddətində burada 27 otaqdan ibarət yeni məktəb binası inşa edilmişdir.

 

Mərasimdə çıxış edənlər regionlarda təhsilin inkişafına və onun maddi-texniki bazasının möhkəmləndirilməsinə göstərilən qayğıya görə ölkəmizin başçısına və Heydər Əliyev Fondunun prezidentinə minnətdarlıqlarını bildirmişlər.

 

Rəmzi qırmızı lent kəsildikdən sonra qonaqlar məktəbin sinif otaqları və burada yaradılan şəraitlə tanış olmuşlar.