01_BOLGARISTAN IDMAN NAZIRI - HEYDAR ALIYEV FONDUNDA.jpg
19 sentyabr 2006

Bolqarıstanın Gənclər və İdman İşləri üzrə Dövlət Agentliyinin rəhbərinin başçılıq etdiyi nümayəndə heyəti Heydər Əliyev Fondunda olub

Ölkəmizdə səfərdə olan Bolqarıstanın Gənclər və İdman İşləri üzrə Dövlət Agentliyinin rəhbəri Vesela Leçeva və nümayəndə heyətinin üzvləri sentyabrın 19-da Heydər Əliyev Fondunda olmuşdur.

 

Fondun icraçı direktoru Anar Ələkbərov qonaqlara Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xatirəsinə ehtiram əlaməti olaraq yaradılmış Fondun məqsədlərindən danışdı. Bildirildi ki, Fondun əsas məqsədləri görkəmli siyasi xadim Heydər Əliyevin zəngin irsini öyrənmək və təbliğ etməkdən, ulu öndərin Azərbaycanın sosial-iqtisadi, mədəni tərəqqisinə yönəlmiş genişmiqyaslı fəaliyyəti barədə gələcək nəsillərdə, xarici qonaqlarda əyani təsəvvür yaratmaqdan, dahi şəxsiyyətin müəllifi olduğu beynəlxalq layihələrin həyata keçirilməsini dəstəkləməkdən, Azərbaycan mədəniyyəti və tarixinin geniş təbliği ilə əlaqədar aparılan işlərə kömək göstərməkdən ibarətdir.

 

Ulu öndərin şəxsi arxivindən götürülmüş və onun fəaliyyətinin ayrı-ayrı dövrlərini əhatə edən eksponatlar bolqarıstanlı qonaqlarda xoş təəssürat yaratdı. Onlar fenomen şəxsiyyət Heydər Əliyevin həyatının ən müxtəlif məqamlarını əks etdirən və tariximizin bütöv bir dövrü barədə geniş təsəvvür yaradan çoxlu sənədlərlə, tanınmış siyasi xadimlərin bəxş etdikləri hədiyyələrlə, ulu öndərimiz haqqında kitablarla tanış oldular. Görkəmli dövlət xadiminin Avropa ölkələrinin liderləri ilə müxtəlif dövrlərdə keçirdiyi görüşlər, çəkdirdiyi xatirə şəkilləri qonaqlarda böyük təəssürat doğurdu.

 

Sonra qonaqlar kinosalonda Heydər Əliyev Fondunun fəaliyyətinə, həyata keçirdiyi layihələrə həsr olunmuş sənədli filmə baxdılar.

 

Xanım Vesela Leçeva Fondun genişmiqyaslı xeyriyyəçilik fəaliyyətini, ölkədə və beynəlxalq aləmdə yüksək hörmət və nüfuza malik olmasını yüksək dəyərləndirdi, xatirə kitabına ürək sözlərini yazdı.

 

Agentliyin rəhbərinə Heydər Əliyev Fondunun fəaliyyətini əks etdirən kitab və Fondun layihəsi olan "Qarabağ xanəndələri" musiqi albomu hədiyyə edildi.

 

Azərbaycan gənclər və idman naziri Azad Rəhimov da qonaqlarla birlikdə Fondda olmuşdur.


FOTO