16 sentyabr 2006

Heydər Əliyev Fondunun təşəbbüsü ilə Balakəndə yeni məktəb binası istifadəyə verilib

Heydər Əliyev Fondunun həyata keçirdiyi "Yeniləşən Azərbaycana yeni məktəb" proqramı çərçivəsində Balakən rayonunun Talalar kəndində inşa edilən 240 yerlik məktəb binasının təntənəli açılış mərasimi keçirilmişdir.


Mərasimdə çıxış edən Balakən Rayon İcra Hakimiyyətinin başçısı Asif Məmmədov və digər natiqlər xalqımızın ümummilli lideri Heydər Əliyevin təhsil müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi sahəsində başladığı məqsədyönlü fəaliyyətin bu gün də uğurla davam etdirildiyini, dövlət tərəfindən təhsilin inkişafına böyük diqqət və qayğı göstərildiyini xüsusi qeyd etmiş, yeni məktəb binasının istifadəyə verilməsini rayonun təhsil və mədəni həyatında əlamətdar hadisə kimi qiymətləndirmişlər. Natiqlər bu dəyərli hədiyyəyə görə Fondun prezidenti Mehriban xanım Əliyevaya balakənlilər adından minnətdarlığını bildirmişlər.

 

Təbrik və çıxışlardan sonra məktəbin açılışını bildirən rəmzi qırmızı lent kəsilmiş və mərasim iştirakçıları yeni təhsil ocağı ilə yaxından tanış olmuşlar. Məktəbdə təlim-tədris prosesinin normal təşkili üçün hər cür şərait yaradılmışdır.