16 sentyabr 2006

Şəkidə yeni məktəb binası istifadəyə verilib

15 sentyabr - Bilik günündə Şəki şəhərində və rayonun Böyük Dəhnə kəndində yeni məktəb binalarının təntənəli açılış mərasimləri keçirilmişdir.


Heydər Əliyev Fondunun həyata keçirdiyi "Yeniləşən Azərbaycana yeni məktəb" Proqramına uyğun olaraq Şəki şəhərindəki 10 nömrəli orta məktəb üçün inşa edilən 240 yerlik əlavə tədris korpusunun istifadəyə verilməsi münasibətilə keçirilən təntənəli mərasimdə çıxış edən ədliyyə naziri Fikrət Məmmədov, Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Nazim İbrahimov, ictimaiyyətin nümayəndələri əlamətdar gün münasibətilə məktəbin kollektivini təbrik etmiş, Azərbaycan təhsilinin inkişafına, onun maddi-texniki bazasının möhkəmləndirilməsinə göstərdiyi yüksək diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevaya şəkililər adından dərin minnətdarlıqlarını bildirmişlər.

 

Sonra ədliyyə naziri Fikrət Məmmədov 10 nömrəli orta məktəbin bu il ali məktəblərə daxil olmuş 19 məzununa qiymətli hədiyyələr təqdim etmişdir.

 

Yeni tədris korpusunun açılışını bildirən rəmzi qırmızı lent kəsildikdən sonra qonaqlar burada yaradılmış şəraitlə yaxından tanış oldular. 950 nəfər şagirdin təhsil aldığı və 160 nəfərdən çox müəllimin çalışdığı 10 nömrəli orta məktəbin həyətində müasir standartlara uyğun inşa edilən üçmərtəbəli yeni tədris korpusunda 12 sinif otağı, habelə emalatxana, yeməkxana və kompyuter otaqları yerləşir. Tədris korpusu müasir istilik sistemi ilə təchiz edilmişdir. Tikinti işlərini "Azəraqrartikinti" Açıq Səhmdar Cəmiyyətinin kollektivi həyata keçirmişdir.