4.JPG
16 sentyabr 2006

Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Şamaxı rayonunda olub

Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva sentyabrın 16-da Şamaxı rayonunda olmuşdur.


Mehriban xanım Heydər Əliyev Fondunun təşəbbüsü ilə rayonda görülmüş işlərlə tanışlığa Şamaxı şəhərindəki internat məktəbindən başladı. Məktəbin müəllim və şagird kollektivi Mehriban xanımı məktəbin qarşısında hərarətlə, gül-çiçəklə qarşıladılar.

 

Direktor Vəlican Güləliyev bildirdi ki, 1964-cü ildə tikilmiş bu məktəb uzun illər təmir edilmədiyindən öz görkəmini tamam itirmişdi, tavanı, döşəməsi yağış sularından çürümüş, avadanlığı köhnəlmiş, işıq, su sistemi qəza vəziyyətinə düşmüşdü. Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva ötən ilin aprelində rayonda olarkən bu məktəbə də gəlmiş, vəziyyətlə tanışlıqdan sonra bu təhsil ocağının əsaslı təmirinə kömək edəcəyini vəd etmişdi.

 

"Uşaq evləri və internat məktəblərinin inkişafı" proqramı çərçivəsində burada görülən işlər bütün bu problemləri aradan qaldırmışdır. Dam örtüyü, tavan, döşəmə, pəncərə və qapılar tamamilə dəyişdirilmiş, bütün avadanlıq təzələnmiş, kompyuterlər alınmışdır. Həyətə, məktəb yoluna asfalt döşənmiş, bağ sahəsində ağaclar, gül-çiçək kolları əkilmişdir. 31 sinif otağı olan məktəbdə 516 şagird təlim-tərbiyə alır. Onların əksəriyyəti imkansız ailələrin uşaqlarıdır. Şagirdlərə gündə 3 dəfə pulsuz yemək verilir. Builki məzunlardan 17 nəfəri ali və orta ixtisas təhsili məktəblərinə, bir hissəsi isə yaxınlıqdakı texniki peşə məktəbinə daxil olmuşdur.

 

Mehriban xanım məktəbin sinif otaqlarına, kompyuter, fənn kabinələrinə, idman salonuna, əmək təlimi emalatxanasına, yeməkxana və kitabxanasına baxdı, ayrı-ayrı siniflərdə müəllim və şagirlərlə söhbət etdi, məktəblilərin bilik səviyyəsi ilə maraqlandı, birinciləri xüsusi təbrik edərək onlara yalnız əla oxumağı tövsiyə etdi. O, ümummilli liderimiz Heydər Əliyevin ömür yoluna həsr edilmiş, Azərbaycan Prezidenti İlham Əliyevin rayonda keçirdiyi görüşləri, Fondun Şamaxıda reallaşdırdığı layihələri, eləcə də məktəbin köhnə və təzə görkəmini əks etdirən fotostendlərə də baxdı.

 

Görülmüş işlərin keyfiyyətindən razı qalan Mehriban xanım soyuqlar düşənə kimi istilik sisteminin də işə salınmasının vacibliyini vurğuladı. Rayon icra hakimiyyətinin başçısı Nazim İsmayılov artıq tikinti-quraşdırma işlərinə başlandığını, yaxın bir ayda bu problemin də aradan qaldırılacağını bildirdi.

 

40 illik pedaqoji stajı olan sinif müəllimi Fəsilə Abbasova Fondun prezidentinə müraciətlə dedi ki, bu məktəbin belə yüksək səviyyədə təmiri, bütün avadanlığın təzələnməsi hamımızı sevindirmiş, daha yaxşı işləməyə ruhlandırmışdır. Bütün görülən işlərə görə, çox sağ olun. Şamaxılılar Prezident İlham Əliyevin və sizin rayonda keçirdiyiniz görüşləri heç zaman unutmayacaqlar. Hər belə səfərdən sonra rayonun xeyli problemi həll edilir. Rayon rəhbərliyi də camaatın müraciətlərinə daha diqqətlə yanaşır, geniş quruculuq-abadlıq işləri görülür, kəndlərdə də müsbət yeniliklər çoxdur.

 

Mehriban xanım indiyədək Fondun təşəbbüsü ilə ölkəmizdə 25 internat məktəbinin və uşaq evinin belə yüksək səviyyədə əsaslı təmir edildiyini, yenidən qurulduğunu, bu işlərin davam etdiriləcəyini bildirərək dedi:

 

- Uşaqları belə məktəblərdə təhsil, tərbiyə alan görəndə, müəllimlər üçün də rahat şəraitin olduğunu hiss eləyəndə mənim də ürəyim açılır. Bu, həm də Azərbaycan Prezidentinin arzu və istəyidir. Artıq sizdə də belə şərait var, daha yaxşı işləyin, məktəbi də təmiz saxlayın, uşaqları da buna öyrədin.

 

Sonra Mehriban xanım Əliyeva məktəbin qarşısına toplaşmış müəllim və şagirdlərə, sakinlərə müraciət edərək onları yeni dərs ilinin başlanması münasibətilə təbrik etdi, şagirdlərə təhsildə uğurlar arzuladı, xatirə şəkli çəkdirdi.

 

Mehriban xanıma Azərbaycan Prezidenti ilə birlikdə Şamaxıya səfərlərini, Fondun rayonda həyata keçirdiyi layihələri əks etdirən, eləcə də bu qədim diyarın mədəni, tarixi abidələrinin fotoşəkillərindən ibarət albom təqdim olundu.

 

Fondun prezidentinin Şamaxıda keçirdiyi növbəti görüş isə 16 gənc məcburi köçkün ailəsinə, onların doğma və əzizlərinə sonsuz sevinc bəxş etdi. Şəhərin mərkəzində vaxtilə internat məktəbinin yataqxanası olmuş köhnə bina əsaslı şəkildə yenidən qurularaq hər biri 52 kvadratmetr sahəsi olan 2 otaqlı mənzillərə çevrilmiş, mətbəx, yataq mebeli dəstləri, təzə qaz sobaları, soyuducu və digər zəruri avadanlıqla təchiz edilərək, xüsusilə çətin şəraitdə yaşayan gənc məcburi köçkün ailələrinin istifadəsinə verilmişdir.

 

Bu təşəbbüs və ideyanın müəllifi də Mehriban xanım özü olmuşdur. O, Şamaxıya ötənilki səfəri zamanı burada olmuş, məcburi köçkünlərin ağır yaşayış şəraitini görmüş, binanın tamamilə təzə görkəmə salınacağını bildirmişdi.

 

Mehriban xanım mənzilləri gəzdi, daimi qazı, isti və soyuq suyu, etibarlı işıq sistemi ilə təmin edilmiş otaqlara baxdı, burada yaradılmış şəraitdən duyduğu sevinci mənzil sahibləri ilə bölüşdü. Ağdam, Kəlbəcər və Laçından olan ailələrə mənzillərin order və açarlarını təqdim etdi. Əsl bayram əhvali-ruhiyyəsində olan ailələr Mehriban xanıma, Azərbaycan Prezidentinə, onların övladlarına ən xoş arzularını, minnətdarlıqlarını çatdırdılar.

 

Mehriban xanım dövlətimizin başçısının məcburi köçkünlərin doğma yurd-yuvalarına qayıtması üçün bütün mümkün olan tədbirləri gördüyünü bildirdi, aparılan siyasətin uğuruna inandığını söylədi.

 

Məcburi köçkünlərlə, təzə mənzil sahibləri ilə xatirə şəkli çəkdirən Mehriban xanım daha sonra onu çay süfrəsinə dəvət edən ağdamlı Çiçək Şahməmmədovanın qonağı oldu.

 

Şamaxının səfalı guşəsində yerləşən Sağyan kəndində inşa edilmiş 160 yerlik məktəb də Heydər Əliyev Fondunun yeni dərs ilində kənd sakinlərinə layiqli töhfəsi oldu.

 

Sürüşmə zonasında tikilmiş köhnə məktəbin binasında çatlar əmələ gəldiyinə, dərs keçmək təhlükəli olduğuna görə Heydər Əliyev Fondu aparılmış monitorinqdən sonra burada yeni bina tikilməsini "Yeniləşən Azərbaycana yeni məktəb" proqramının ikinci mərhələsinə daxil etmişdi. Qısa vaxtda kəndin ən mənzərəli guşəsində müasir tələblərə cavab verən təzə məktəb inşa edilmiş, təzə avadanlıqla, kompyuterlərlə, kitabxana isə lazımi ədəbiyyatla təmin olunmuşdur.

 

Ulu öndər Heydər Əliyevin məktəbin giriş qapısı üstündə yazılmış "Azərbaycanın gələcək tərəqqisi, hərtərəfli inkişafı, uşaqların, gənclərin yüksək səviyyədə təhsil almasından çox asılıdır" kəlamı diqqəti cəlb edirdi. Foyedəki lövhədə isə Prezident İlham Əliyevin "Orta məktəbdə oxuyan hər bir gənc yüksək savad almalı, kamil biliyə malik olmalıdır ki, doğma vətənimizə, ölkəmizə səmərəli xidmət göstərsin və Azərbaycanın potensialını gücləndirsin" sözləri yazılmışdı.

 

Bayramsayağı bəzədilmiş məktəbin həyətində Mehriban xanım gül-çiçəklə qarşılandı. O, əvvəlcə Heydər Əliyev Fondunun Şamaxıda həyata keçirdiyi layihələri, aparılan tikinti işlərini əks etdirən lövhəyə baxdı. Rayon icra hakimiyyətinin başçısı məlumat verdi ki, Çaylı, Quşçu, Qəleybuğurd və İkinci Cabanı kəndlərində Fondun təşəbbüsü ilə 200 yerlik təzə məktəblər tikilmiş, bəzilərində isə əsaslı təmir və tikinti işləri davam etdirilir.

 

Mehriban xanım təzə məktəbdə tikintinin keyfiyyəti, avadanlıqla və müəllim kadrları ilə təminatla maraqlandı, kitabxanaya, kompyuter otağına baxdı.

 

Direktor Viktor Əliyev kollektivin ən xoş arzularını Mehriban xanıma yetirdi, təzə məktəbin müəllim və şagirdlərə qol-qanad verdiyini vurğuladı.

 

Mehriban xanım Əliyeva burada toplaşan müəllimlərə, şagirdlərə, kənd sakinlərinə təzə məktəbin açılışı münasibətilə gözaydınlığı verdi, onların şəxsində bütün şamaxılılara Prezident İlham Əliyevin salamlarını çatdırdı. Ölkəmizin hər yerində bundan sonra da belə yeni təhsil ocaqlarının tikiləcəyini, Heydər Əliyev Fondunun da bu işlərin önündə gedəcəyini bildirdi.

 


FOTO