003.jpg
15 sentyabr 2006

Türkiyənin əmək və sosial müdafiə naziri Heydər Əliyev Fondu ilə tanış olub

Türkiyənin Bakıda səfərdə olan əmək və sosial müdafiə naziri Murat Başesgioğlu sentyabrın 15-də Heydər Əliyev Fondunda olmuşdur.


Burada zəngin ekspozisiyalar ilə tanış olan qonağa Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xatirəsinə ehtiram əlaməti olaraq yaradılmış Fondun məqsədlərindən danışıldı. Bildirildi ki, Fondun əsas məqsədləri görkəmli siyasi xadim Heydər Əliyevin zəngin irsini öyrənmək və təbliğ etməkdən, ulu öndərin Azərbaycanın sosial-iqtisadi, mədəni tərəqqisinə yönəlmiş genişmiqyaslı fəaliyyəti barədə gələcək nəsillərdə, xarici qonaqlarda əyani təsəvvür yaratmaqdan, dahi şəxsiyyətin müəllifi olduğu beynəlxalq layihələrin həyata keçirilməsini dəstəkləməkdən, Azərbaycan mədəniyyəti və tarixinin geniş təbliği ilə əlaqədar aparılan işlərə kömək göstərməkdən ibarətdir.

 

Ulu öndərin şəxsi arxivindən götürülmüş və onun fəaliyyətinin ayrı-ayrı dövrlərini əhatə edən eksponatlar türkiyəli qonaqda xoş təəssürat yaratdı. O, fenomen şəxsiyyət Heydər Əliyevin həyatının ən müxtəlif məqamlarını əks etdirən və Azərbaycan tarixinin bütöv bir dövrü barədə geniş təsəvvür yaradan çoxlu sənədlərlə, dünyanın tanınmış siyasi xadimlərinin bəxş etdikləri hədiyyələrlə, ulu öndərimiz haqqında kitablarla, dünyanın nüfuzlu siyasi, elm, mədəniyyət və incəsənət xadimlərinin Azərbaycan dövlətinin qurucusu haqqında fikirləri ilə tanış oldu, müxtəlif ölkələrin liderləri ilə görüşlərdə çəkilmiş şəkillərə böyük maraqla baxdı.

 

Görkəmli dövlət xadiminin Türkiyə liderləri ilə müxtəlif dövrlərdə keçirdiyi görüşlər, çəkdirdiyi xatirə şəkilləri qonaqda böyük təəssürat doğurdu.

 

Murat Başesgioğlu Fondun genişmiqyaslı xeyriyyəçilik fəaliyyətini, ölkədə və beynəlxalq aləmdə yüksək hörmət və nüfuza malik olmasını da yüksək dəyərləndirdi. Qonağa Heydər Əliyev Fondu adından hədiyyə verildi.

 

Sonda türkiyəli nazir Fondun xatirə kitabına ürək sözlərini yazdı.


FOTO