Oktyabrın 10-da Almaniyanın Frankfurt şəhərində 63-cü Beynəlxalq kitab sərgisi açılmışdır. Oktyabrın 14-dək davam edəcək sərgidə Azərbaycanın, onun zəngin mədəniyyətinin, inkişaf edən nəşriyyat-poliqrafiya sahəsinin, kitab sənətinin təmsil və təbliğ olunması məqsədi ilə Frankfurtun Messe sərgi şəhərciyində 40 kvadratmetr sahədə gözəl dizayna malik “Azərbaycan” stendi qurulmuşdur.
Tədbirdə ölkəmizi Heydər Əliyev Fondunun, Mədəniyyət və Turizm Nazirliyinin, M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasının məsul əməkdaşlarından ibarət nümayəndə heyəti təmsil edir.
“Azərbaycan” stendi sərgi məkanının ən görkəmli yerində Heydər Əliyev Fondu və Mədəniyyət və Turizm Nazirliyi tərəfindən nəşr olunan, M.F.Axundzadə adına Mİlli Kitabxananın fondlarından gətirilən 350 adda nəfis kitab və 700 nəşr məhsulu ilə zəngindir.
Artıq sərginin ilk günündə Azərbaycan stendi tamaşaçıların diqqətini cəlb etmiş və xeyli ziyarətçi toplamışdır.
Oktyabrın 13-də sərgi çərçivəsində Azərbaycan nümayəndə heyətinin və Almaniyanın Mainz Universitetinin bir sıra alimlərinin iştirakı ilə dahi Azərbaycan şairi Nizami Gəncəvinin 870 illik yubileyi ilə əlaqədar tədbirin keçirilməsi də nəzərdə tutulmuşdur.
Frankfurt Beynəlxalq kitab sərgisi (bəzən ona həm də yarmarka deyilir. Frankfurt Book Fair-ingiliscə, Frankfurt Buchmesse-almanca) kitablar üçün ən böyük sərgi və ticarət yarmarkasıdır. Hər il oktyabr ayının ortalarında Almaniyanın Frankfurt-am-Mayn şəhərində keçirilir. İlk üç gün yarmarkanın xüsusi qonaqlarının girişinə icazə verilir, geniş ictimaiyyətin nümayəndələri isə son iki gündə sərgiyə baş çəkə bilərlər. Dünyanın bütün nəşriyyatları və multimedia şirkətlərinin nümayəndələri beynəlxalq nəşriyyat hüquqları və lisenziya haqları barədə danışıqlar aparmaq üçün Frankfurt kitab sərgisinə toplaşır. Beş gün ərzində yarmarkada dünyanın 110 ölkəsinin 7500-dən çox stendi qurulur və 286 mindən çox qonaq iştirak edir.
Frankfurt kitab sərgisinin 500 ildən çox tarixi ənənəsi vardır. Yohannes Quttenberq Frankfurtda Maynz yaxınlığında kitab çapını ixtira etdikdən sonra ilk kitab yarmarkası yerli satıcılar tərəfindən keçirilmişdir. XVII əsrin sonlarına qədər bu, Avropanın ən əhəmiyyətli kitab yarmarkasına çevrilmişdir. İntibah dövründə siyasi və mədəni inkişafın nəticəsi olaraq Leypsiq kitab yarmarkası onu kölgədə qoymuşdur. İkinci Dünya müharibəsindən sonra, 1949-cu ildə Müqəddəs Paul Kilsəsində ilk kitab yarmarkası yenidən keçirilmiş və o vaxtdan Frankfurt kitab yarmarkası yenidən özünün qabaqcıl mövqeyini qazanmışdır.
Azərbaycan Beynəlxalq Frankfurt kitab sərgisində artıq beşinci dəfədir ki, uğurla iştirak edir.