o.jpg
13 may 2012

“Eurovision” Mahnı Müsabiqəsi 2012-nin Təşkilat Komitəsinin sədri, ölkənin birinci xanımı Mehriban Əliyeva Azərbaycana gələn qonaqları salamlayıb

“Eurovision” Mahnı Müsabiqəsi 2012-ni işıqlandıracaq jurnalistlərə təqdim olunan rəsmi proqram kitabçasında müsabiqənin Təşkilat Komitəsinin sədri, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın salamlaması yer alıb. Salamlamada deyilir:


Əziz dostlar,    

 

Sizi, müxtəlif ölkələrin, xalqların və mədəniyyətlərin musiqi bayramı olan “Eurovision” Mahnı Müsabiqəsi 2012-nin iştirakçıları və qonaqlarını ürəkdən salamlayıram.


“Eurovision” Mahnı Müsabiqəsi musiqi mədəniyyəti tarixində ənənəyə çevrilmiş böyük bayram olmaqla yanaşı, həm də mədəniyyətlərarası dialoqa töhfə verən əhəmiyyətli bir tədbir kimi tanınmaqdadır.


Bu dəfə bu mötəbər müsabiqə dünya musiqi-sevərlərinin diqqətini müsəlman Şərqində ilk opera və ilk baletin, YUNESKO tərəfindən bəşəriyyətin şifahi və qeyri-maddi irsinin şah əsərləri siyahısına daxil edilmiş muğamın, ürəkləri riqqətə gətirən “Qarabağ şikəstəsi” kimi möcüzəli musiqinin beşiyi olan Azərbaycana yönəldir. Xalqımız dünya mədəniyyəti incilərini özündə Şərq və Qərb motivlərini, müasir ritm və qədim nəğmələri ahəngdar şəkildə birləşdirən milli musiqi əsərləri ilə daim zənginləşdirmiş, dünya musiqi mədəniyyətinin inkişafına öz töhfəsini vermişdir.


Ölkəmizdə tarixən tolerantlıq ənənələri, mədəniyyət və sivilizasiyaların dialoqu mövcud olmuşdur. Burada müxtəlif xalqların və dinlərin nümayəndələri əsrlər boyu sülh və əmin-amanlıq şəraitində yaşamış və yaşamağa davam edirlər. “Eurovision” Mahnı Müsabiqəsi keçirilən günlərdə də ifaçıları, qonaqları və tamaşaçıları, milliyyətindən, dinindən və siyasi baxışlarından asılı olmayaraq Bakıya toplaşan bütün insanları musiqi birləşdirəcək.


Əziz dostlar,


“Eurovision” Mahnı Müsabiqəsinə hazırlıq bizdən böyük və gərgin əmək tələb etdi. Lakin bu gərginlik sizinlə xoş görüş ümidi ilə əvəzlənmişdir. Əminəm ki, müxtəlif mədəniyyətlərin qarşılıqlı zənginləşməsinə səbəb olan və xalqlar arasında olan birliyi daha da gücləndirən bu musiqi bayramının, gözəl Bakımızın və qonaqpərvər xalqımızın xoş xatirəsi qəlbinizdə daim yaşayacaqdır.



  Mehriban Əliyeva


“Eurovision” Mahnı Müsabiqəsi 2012-nin Təşkilat Komitəsinin sədri


Azərbaycan Respublikasının birinci xanımı


Heydər Əliyev Fondunun Prezidenti


Paylaş: