Heydər Əliyev Fondunun Türkiyə təmsilçiliyi Bursada Uludağ Universiteti ilə birgə “Enerji təhlükəsizliyi və Qafqazda regional problemlər” mövzusunda beynəlxalq konfrans keçirir.
Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın dünyanın müxtəlif ölkələrindən gəlmiş konfrans iştirakçılarına salamlarını çatdıran təmsilçiliyin rəhbəri Samir Cəfərov bildirmişdir ki, mayın 8-də Azərbaycan mədəniyyətinin beşiyi Şuşa şəhərinin ermənilər tərəfindən işğalının 20-ci ildönümü ilə əlaqədar anma mərasimi, mayın 10-da isə xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 89-cu ildönümü qeyd olunur. Ulu öndərin adını daşıyan fondun da bu tarixlərdə bölgənin ən aktual problemlərinə həsr olunmuş konfrans keçirməsi mühüm bir hadisədir.
Konfransda çıxış edən ABŞ Konqresinin sabiq üzvü Maykl MakMahon Azərbaycanı regionun lideri və ən inkişaf etmiş ölkəsi adlandırmışdır. Birləşmiş Ştatlar administrasiyasının ölkəmizlə bağlı siyasətini tənqid edən sabiq konqresmen vurğulamışdır ki, Bakıya yeni səfirin təyin olunmaması, bundan əvvəlki diplomatın isə maneələrlə üzləşməsi bəzi siyasi dairələrdə milli mənafelərin deyil, yerli mənfəətlərin üstün olması ilə bağlıdır. Halbuki, Vaşinqton regionun lideri olan Azərbaycan və digər türk cümhuriyyətləri ilə daha sıx əlaqələr qurmalıdır. ABŞ enerji təhlükəsizliyinin təmin olunması, Avropaya enerji daşıyıcılarının daha sərfəli nəqli üçün Cənubi Qafqazda daha çevik siyasət yürütməlidir. Bu, eyni zamanda regional sülhə və sabitliyə də töhfə olar.
Azərbaycan Milli Elmlər Akademiyasının birinci vitse-prezidenti Arif Həşimov çıxışında bildirmişdir ki, ulu öndər Heydər Əliyev hələ ötən əsrin 70-80-ci illərində respublikamıza rəhbərlik etdiyi dövrdə Azərbaycan müstəqil enerji siyasəti aparmış, özünü tam olaraq enerji ilə təmin edirdi. Müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra “Əsrin müqaviləsi” imzalanmış, ölkəmiz regionun lider dövlətinə çevrilmişdir.
Azərbaycanın Türkiyədəki səfiri Faiq Bağırov bildirmişdir ki, Azərbaycanın ulu öndəri Heydər Əliyevin anadan olmasının ildönümündə belə bir mötəbər tədbirin keçirilməsi əlamətdar hadisədir. Türkiyə ilə iqtisadi əlaqələrə, xüsusilə enerji sektorunda əməkdaşlığa böyük əhəmiyyət verən ümummilli liderimiz Bakı-Tbilisi-Ceyhan və Bakı-Tbilisi-Ərzurum kimi nəhəng transmilli layihələrin həyata keçirilməsinə nail olmuşdur. Bu siyasəti davam etdirən Prezident İlham Əliyevin səyləri nəticəsində yeni layihələr həyata keçirilir.
Türkiyə xarici işlər nazirinin müavinin köməkçisi, səfir Fatih Ceylan çıxışında bildirmişdir ki, Ankaranın dünyada enerji təhlükəsizliyinin təmin olunmasında prioriteti dövlətlərin suverenliyinin və ərazi bütövlüyünün təmin olunmasını dəstəkləməkdir. Cənubi Qafqazda mövcud olan Dağlıq Qarabağ, Abxaziya və Cənubi Osetiya münaqişələri regionun tərəqqisi və enerji-kommunikasiya layihələrinin həyata keçirilməsinə ciddi maneə törədir. Bunların komponentləri etnik, dini və ərazi mübahisələridir və hər biri beynəlxalq hüquq normaları əsasında həll olunmalıdır. Dağlıq Qarabağ münaqişəsində “status kvo”nun qorunması uzun müddət davam edə bilməz. Vasitəçilik missiyasını yerinə yetirən ATƏT-in Minsk qrupunun səmərəsiz fəaliyyəti tələb edir ki, bu qurum əlavə üzvlər hesabına yenidən formalaşdırılsın. Türkiyə, işğal olunmuş Azərbaycan torpaqlarının azad olunması ilə bağlı BMT Təhlükəsizlik Şurasının qətnamələri yerinə yetirilməsini tələb edir. Həmin qətnamələr yerinə yetirildikdən sonra rəsmi Ankara Ermənistan ilə münasibətlərin normallaşması və sərhədlərin açılması məsələlərini müzakirə edə bilər. İşğal olunmuş torpaqlar azad olunduqdan sonra regionda yeni geosiyasi şərait yaranar və əlavə enerji marşrutları meydana çıxar.
Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasının baş katibi Xəlil Akıncı, Türkiyənin enerji və təbii ehtiyatlar naziri müavinin köməkçisi Sefa Aytekin də regionda həyata keçirilən enerji layihələrinin əhəmiyyətindən bəhs etmiş, bu istiqamətdə türk dünyasının dahi şəxsiyyəti Heydər Əliyevin qətiyyəti və müdrikliyini vurğulamışlar.
Konfransda çıxış edən Milli Məclisin deputatı Fazil Mustafa, London Universitetinin professoru Şirin Akıner, İstanbul Mədəniyyət Universitetinin professoru Həsən Köni, ABŞ-ın Alman Marşal Fondunun təmsilçisi, professor Coşua Uolker Cənubi Qafqaz və Mərkəzi Asiya regionunun dünyanın enerji təhlükəsizliyi üçün əhəmiyyətindən, bu məsələdə Azərbaycanın mühüm yerindən, qlobal proseslər fonunda enerji marşrutları və enerji daşıyıcılarının nəqli, qiymətləri və sair məsələlərdən əraflı bəhs etmişlər.
Məruzəçilər konfransda iştirak edən jurnalistlərin və tələbələrin suallarını da cavablandırmışlar.
AzərTAc-ın müxbirinin Dağlıq Qarabağ probleminin həlli məsələsində ABŞ-ın mövqeyi ilə bağlı sualına cavab verən sabiq konqresmen Maykl MakMahon demişdir ki, bu münaqişə Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır. ABŞ-ın dövlət katibi Hillari Klinton da bu mövqedən çıxış etmişdir. Barak Obama hökuməti anlamalıdır ki, Ermənistan-Azərbaycan münaqişəsinin həlli Vaşinqtonun regiondakı nüfuzunu artıra və enerji təhlükəsizliyini möhkəmlədə bilər.
Almaniya, Rusiya, Kanada, Türkiyə və ABŞ universitetlərinin alimlərinin də iştirak etdiyi konfrans mayın 10-da öz işini davam etdirəcəkdir.