file1337252115682.jpg
10 may 2012

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 89-cu ildönümü ilə əlaqədar Buxarestdə anma tədbiri keçirilib

Mayın 10-da Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 89-cu ildönümü ilə əlaqədar Rumıniyanın paytaxtı Buxarest şəhərində anma tədbiri keçirilmişdir.


Mərasim iştirakçıları ilk öncə Buxarestdəki Tey Parkı - Heydər Əliyev xiyabanına toplaşmışlar. Tədbirdə Heydər Əliyev Fondunun Rumıniyadakı nümayəndəliyi, Rumıniya-Azərbaycan Dostluq Cəmiyyəti, Rumıniya-Azərbaycan İkitərəfli Sənaye və Ticarət Palatası, Rumıniya-Azərbaycan Gənclər və Mədəniyyət Assosiasiyası, Qara dəniz – Xəzər dənizi əməkdaşlığı və tərəfdaşlığı üzrə beynəlxalq Fond, ARDNŞ-in Rumıniyadakı nümayəndəliyi və bütövlükdə Rumıniyada yaşayan və təhsil alan azərbaycanlılarla yanaşı Türkiyə, Qazaxıstan və Türkmənistanın Rumıniyadakı Səfirliklərinin nümayəndələri, bu ölkədə fəaliyyət göstərən Türk İş Adamları Dərnəyi, rumın, tatar və türk ictimaiyyətinin nümayəndələri iştirak etmişlər.


Mərasim iştirakçıları ilk öncə ulu öndərin xatirəsini bir dəqiqəlik sükut ilə yad etmişlər.


Tədbirdə çıxış edən AR Rumıniyadakı Səfirliyinin nümayəndəsi T. Şükürov, müstəqil Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi, müstəqilliyin ilkin dövrlərində mürəkkəb siyasi böhranın sabitliklə əvəz olunması, ölkədə dinamik iqtisadi-sosial inkişafın təmin olunması, regionda və beynəlxalq aləmdə ölkəmizin mövqelərinin möhkəmləndirilməsi, Azərbaycanda demokratik-hüquqi cəmiyyətinin yaradılması və dünyəvi dəyərlərə inteqrasiya sahəsində Heydər Əliyevin apardığı cəsarətli siyasətin nəticələrindən bəhs etmiş və bu siyasətin bu gün də uğurla və qətiyyətlə davam etdirildiyini diqqətə çatdırmışdır.


Daha sonra tədbirdə çıxış edən Heydər Əliyev Fondunun Rumıniyadakı Nümayəndəliyin direktoru İ. Hacıyev Heydər Əliyevin Azərbaycan xalqının yetişdirdiyi dahi siyasi şəxsiyyət olduğunu, hələ SSRİ dövründə ölkəmizə rəhbərliyi zamanı öz uzaqgörənliyi ilə doğma vətəni və xalqının rifahı üçün misilsiz xidmətlər göstərdiyini bildirmişdir.


Çıxışlardan sonra ümummilli liderin büstünün önünə əklillər və tər çiçəklər qoyulmuş, ulu öndərin əziz xatirəsinə yüksək hörmət və ehtiram ifadə edilmişdir.


Daha sonra tədbir iştirakçıları Heydər Əliyev Fondunun Rumıniya nümayəndəliyinin inzibati binasında Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən foto-sərgi ilə tanış olmuş, Heydər Əliyevə həsr olunmuş sənədli filmə tamaşa etmişlər.



FOTO