014.jpg
17 noyabr 2012

“Four Seasons Hotel Baku”nun açılışına həsr edilmiş gecə və “Baku” jurnalının nəşrinin 5 illiyi ilə bağlı sərgi keçirilib

Noyabrın 17-də Bakıda beşulduzlu “Four Seasons Hotel Baku”nun açılışına həsr olunmuş təntənəli gecə keçirilmiş və “Baku” jurnalının nəşrinin 5 illiyi ilə bağlı sərgi açılmışdır.


Tədbirdə Heydər Əliyev Fondunun vitse-prezidenti, “Baku” jurnalının təsisiçisi və baş redaktoru Leyla Əliyeva iştirak edib.


Mərasimdə xarici ölkələrin Azərbaycanda fəaliyyət göstərən səfirliklərinin nümayəndələri, yerli və xarici media mənsubları, tanınmış iş adamları, mədəniyyət və incəsənət xadimləri iştirak ediblər.


“Four Seasons” otellər şəbəkəsinin Parisdən gəlmiş bədii işlər üzrə mütəxəssisi Ceff Litamın “Four Seasons Hotel Baku”nun açılışına həsr olunmuş təntənəli gecəyə verdiyi bənzərsiz dizayn qonaqların zövqünü oxşamışdır.


Otelin ikinci mərtəbəsinin foyesində qonaqlar Əməkdar Artist Azərinin canlı ifasında Azərbaycan xalq və bəstəkar mahnılarını dinləmişlər.


Sonra qonaqlar nəşrə 2007-ci ildə Moskvada rus dilində başlayan “Baku” jurnalının 5 illiyinə həsr olunmuş fotosərgi ilə tanış olmuşlar. Sərgidə məşhur fotoqrafların Bakının dəbini və müasir üslubunu təcəssüm etdirən fotoları nümayiş olunur.


Ötən beş ildə jurnal dünyanın aparıcı mətbu orqanlarından birinə çevrilmiş və çoxsaylı oxucu marağına səbəb olmuşdur. Bu müddət ərzində jurnalın dünyanın bir çox ölkələrində təqdimatları keçirilmişdir. Jurnalda Azərbaycanın tarixi, mədəniyyəti, dünəni və bu günü haqqında maraqlı materiallar dərc olunmaqdadır. Əsas məqsədlərindən biri ölkəmizi daha geniş coğrafiyada tanıtmaqdan ibarət olan “Baku” jurnalı Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması istiqamətində mühüm layihələrə imza atır.


Tədbir yerli və xarici rəqs qruplarının, musiqi kollektivlərinin iştirakı ilə hazırlanmış geniş konsert proqramı ilə davam etmişdir.


FOTO

VİDEO