img_6545_slide2.jpg
10 noyabr 2006

İtaliya Respublikası Konstitusiya Məhkəməsinin sədri Franko Bilenin başçılıq etdiyi nümayəndə heyəti Heydər Əliyev Fondunda olub

Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsində Avropa Şurasının Venesiya Komissiyası ilə keçirilən beynəlxalq konfransda iştirak etmək üçün Bakıda səfərdə olan İtaliya Respublikası Konstitusiya Məhkəməsinin sədri Franko Bilenin başçılıq etdiyi nümayəndə heyəti noyabrın 10-da Heydər Əliyev Fondunda olmuşdur. 

 

Fondun icraçı direktoru Anar Ələkbərov Avropanın tanınmış hüquqşünaslarını salamlayaraq, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xatirəsinə ehtiram əlaməti olaraq yaradılmış Fondun fəaliyyətindən danışdı. Bildirildi ki, Fondun əsas məqsədləri görkəmli siyasi xadim Heydər Əliyevin zəngin irsini öyrənmək və təbliğ etməkdən, ulu öndərin Azərbaycanın sosial-iqtisadi, mədəni tərəqqisinə yönəlmiş genişmiqyaslı fəaliyyəti barədə gələcək nəsillərdə, xarici qonaqlarda əyani təsəvvür yaratmaqdan, dahi şəxsiyyətin müəllifi olduğu beynəlxalq layihələrin həyata keçirilməsini dəstəkləməkdən, Azərbaycan mədəniyyəti və tarixinin geniş təbliği ilə əlaqədar aparılan işlərə kömək göstərməkdən ibarətdir.

 

Ulu öndərin şəxsi arxivindən götürülmüş və onun fəaliyyətinin ayrı-ayrı dövrlərini əhatə edən eksponatlar italiyalı qonaqlarda xoş təəssürat yaratdı. Onlar fenomen şəxsiyyət Heydər Əliyevin həyatının ən müxtəlif məqamlarını əks etdirən və tariximizin bütöv bir dövrü barədə geniş təsəvvür yaradan sənədlərlə, tanınmış siyasi xadimlərin bəxş etdikləri hədiyyələrlə, ulu öndərimiz haqqında kitablarla tanış oldular. Görkəmli dövlət xadiminin ümumxalq səsverməsi-referendum yolu ilə qəbul edilmiş Azərbaycanın ilk Konstitusiyasının müəllifi olması, bu məqsədlə sivil dünya ölkələrinin əsas qanunlarını səylə öyrənməsi barədə deyilənlər, onun Avropa ölkələrinin liderləri ilə müxtəlif dövrlərdə keçirdiyi görüşlər, çəkdirdiyi xatirə şəkilləri, eləcə də Fondun fəaliyyəti, həyata keçirdiyi layihələr, beynəlxalq əlaqələri haqqında verilən məlumatlar qonaqlarda böyük təəssürat doğurdu.

 

İtaliya Respublikası Konstitusiya Məhkəməsinin sədri Franko Bile Fondun Xatirə kitabına ürək sözlərini yazdı, müasir Azərbaycan dövlətinin qurucusuna öz ehtiramını bildirdi, Fonda genişmiqyaslı fəaliyyətində uğurlar arzuladı.

 

Anar Ələkbərov Heydər Əliyev Fondunun fəaliyyətini əks etdirən kitabı və Fondun layihəsi olan "Qarabağ xanəndələri" musiqi albomunu hörmətli qonağa hədiyyə etdi.

 

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev də qonaqlarla birlikdə Fondda olmuşdur.


FOTO