015.JPG
17 may 2012

Müasir İncəsənət Muzeyində “Afrovision – Afrikadan müasir incəsənət” sərgisinin açılışı olub

Mayın 17-də Bakıda, Müasir İncəsənət Muzeyində “Afrovision – Afrikadan müasir incəsənət” sərgisinin açılışı oldu. Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva və Fondun vitse-prezidenti Leyla Əliyeva sərgidə iştirak ediblər. 


Leyla Əliyeva tədbirdə çıxış etdi.


Sərgidə alman kolleksioneri Bernd Kleinin kolleksiyasından seçilmiş şedevrlər nümayiş etdirilir. O, Afrikanın müasir incəsənətinin aparıcı kolleksiyalarından birinə malikdir. Bernd Klein tədbirdə çıxış edərək bu kolleksiyanı uzun illərdir ki, topladığını dedi, iştirakçılara Afrika incəsənəti haqqında məlumat verdi. Sərginin yüksək səviyyədə təşkil edildiyini deyən Bernd Klein Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevaya təşəkkür edərək dedi: “Mənin minnətdarlıq etmək istədiyim insanlar çoxdur. Lakin mən xüsusi olaraq iki xanıma təşəkkür etmək istərdim. Onlardan biri Mehriban xanım Əliyeva, digəri isə Leyla xanım Əliyevadır. Onlar bu sərginin Bakıda keçirilməsi üçün çox böyük iş görmüşlər. Azərbaycanın fəxr etməli çox şeyi vardır. Lakin bu cür gözəl, ağıllı, vətənpərvər birinci xanımı olmaq hər bir ölkəyə heç də həmişə nəsib olmur. Bilirsiniz ki, birinci xanım nəyisə etməyə qərar verəndə bunu yüksək səviyyədə edir. Bu sözlər həm “Eurovision”a, həm də “Afrovision”a aiddir. Bu sözləri Leyla xanım Əliyeva haqqında da demək olar”.


Leyla xanım Əliyeva sərginin açılışını bildirən lenti kəsdi.


Sonra sərgi ilə tanışlıq oldu. Ekspozisiyada Afrikanın 7 ölkəsini təmsil edən 11 rəssamın 63 əsəri təqdim olunur. Sərgiyə çıxarılmış əsərlərin tematikası əsl dəyərlər uğrunda mübarizəyə, dəb dünyasının obrazlarına, müxtəlif mərasimlərə, Afrika folkloruna və digər mövzulara həsr olunmuşdur. Əsərlər şən, cəlbedici rənglər, maraqlı obrazlarla insanlarda Afrika həyatının bir çox tərəfləri haqqında geniş təsəvvür yaradır.


Tədbir Afrikanın milli rəqs qrupunun ifasında musiqi proqramı ilə davam etdi.


Sərgidə dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları, Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri, incəsənət xadimləri və ictimaiyyətin nümayəndələri iştirak ediblər.



FOTO

VİDEO

Paylaş: