file1333441529698.jpg
2 aprel 2012

Heydər Əliyev Fondunun və UNICEF-in növbəti layihəsi həyata keçirilmişdir

Heydər Əliyev Fondunun və UNICEF-in dəstəyi ilə Bakı aprelin 2-də - Dünya Autizm Günündə beynəlxalq miqyasda qeyd olunan “Mavi işıqla işıqlandır” aksiyasını həyata keçirmək üçün dünyanın digər şəhərlərinə qoşulmuşdur.


Həmin gün Milli Parkdakı binalardan biri – Bakı Biznes Mərkəzi mavi işıqla işıqlandırılmışdır.


Artıq üçüncü ildir ki, həyata keçirilən “Mavi işıqla işıqlandır” aksiyası getdikcə yayılmaqda olan autizm xəstəliyi haqqında insanların məlumatını artırmağa yönəldilmiş nadir qlobal təşəbbüsdür. Həmin gün Yer kürəsinin müxtəlif ölkələri öz dəstəklərini göstərmək üçün şəhərlərin ən nəzərəçarpan binalarından birini mavi işıqla işıqlandırırlar.


Autizm uşaqlarda irsi və ətraf mühit amillərinin təsirindən yaranan beyin çatışmazlıqlarını ifadə edən ümumi termindir. Autizm üç yaşından əvvəl başlayan, davranışların məhdudlaşdırılması ilə müşahidə olunan və beyinin inkişafına maneə törədən bir xəstəlikdir. Bu baxımdan ilkin diaqnoz çox önəmlidir. Valideynlərin uşağın davranışlarını müşahidə etməsi, müqayisəsi, bəzi problemləri erkən hiss edə bilmələri çox əhəmiyyətli olduğundan keçirilən aksiya diqqəti məhz bu məsələyə yönəldir.


Aparılmış tədqiqatlara görə, dünya əhalisinin 1 faizi, yəni 70 milyon əhali autizmin qurbanlarıdır. Narahatlıq doğuran digər məsələ onun artım sürətidir. Hesablamalara görə, bu il uşaqlarda aşkar ediləcək autizm xəstəliyi QİÇS, diabet və xərçəng xəstəliklərinin ümumi sayından çox olacaqdır. Autizmin müalicəsi üçün hələlik heç bir tibbi vasitə yoxdur. Amma erkən diaqnozlaşdırma xəstəliyin fəsadlarını müəyyən dərəcədə azaltmağa imkan yaradır. Bunun üçün gənc valideynlərin daha diqqətli və xəstəlik barədə daha geniş məlumatlı olması vacibdir.



FOTO