04.jpg
9 oktyabr 2012

Rumıniyada Ermənistanın Azərbaycana qarşı təcavüzündən bəhs edən iki kitabın təqdimatı keçirilib

Azərbaycan Respublikasının Rumıniyadakı səfirliyinin təşəbbüsü və Heydər Əliyev Fondunun Rumıniya nümayəndəliyinin dəstəyi ilə oktyabrın 9-da Ermənistanın Azərbaycana qarşı təcavüzü, eləcə də onun köklərindən bəhs edən, kanadalı Skot Teylorun müəllifi olduğu “Barışmaz fərqliliklər: Türkiyə, Ermənistan, Azərbaycan” və Quram Marxulia və Şəbnəm Hacıyevanın birgə müəllifi olduqları “Əzabkeş Ermənistan: mif və gerçəkliklər” kitablarının rumın dilinə tərcüməsinin təqdimatı keçirilmişdir. 


Təqdimat mərasimində Rumıniyada səfərdə olan xarici işlər nazirinin müavini Araz Əzimov, xarici ölkələrin Buxarestdə akkreditə olunmuş diplomatik korpusunun nümayəndələri, yerli Azərbaycansevərlər, türk-tatar icmasının, aparıcı QHT-lərin, elmi-tədqiqat mərkəzləri və Yazıçılar İttifaqının nümayəndələri, yerli və xarici KİV-lərin təmsilçiləri, eləcə də bu ölkədə təhsil alan və çalışan azərbaycanlılar iştirak etmişlər.


Azərbaycanın Rumıniyadakı səfiri Eldar Həsənov bu gün Ermənistanın ölkəmizə qarşı davam etdirdiyi işğalçılıq siyasətinin köklərinin, onun ağır nəticələrinin dünya ictimaiyyətinə dolğun və dürüst şəkildə çatdırılmasında bu əsərlərin əhəmiyyətindən danışmışdır. Diplomat mərasim iştirakçılarının diqqətini Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn normaları əsasında, sülh yolu ilə ədalətli həllində ölkəmizin tutduğu konstruktiv mövqeyə cəlb etmişdir.


Səfir qeyd etmişdir ki, bu istiqamətdə Ermənistan rəhbərlərinin üzərinə böyük məsuliyyət düşür. Onlar xalqın bütün təbəqələrini sülhə hazırlamalıdırlar. Təəssüf ki, Ermənistan hakimiyyəti öz ölkəsində illərdir münaqişənin təsirlərindən yorulan və ədalətin bərpasını arzulayan sağlam düşüncəli nəslin yetişməsinə qarşı radikal siyasət yürütməkdədir. Bu da öz növbəsində münaqişənin sülh yolu ilə ədalətli həllinə, eləcə də qonşu ölkələrlə münasibətlərin normallaşdırılmasına, bütövlükdə bölgəyə sülh və əmin-amanlığın qayıtmasına böyük maneə törədir.


E.Həsənov bütün bunlara baxmayaraq, Azərbaycan dövlətinin münaqişənin sülh yolu ilə ədalətli həllində qətiyyətli siyasət yürütdüyünü və gec-tez ölkəmizin əzəli və əbədi torpaqlarının işğaldan azad olunacağına, məcburi köçkünlərin öz doğma yurd-yuvalarına qayıdacağına əminliyini bildirmişdir.


Daha sonra çıxış edən “Barışmaz fərqliliklər: Türkiyə, Ermənistan, Azərbaycan” kitabının müəllifi, Kanadanın “Esprit de Korps” jurnalının redaktoru və təsisçisi Skot Teylor dünyanın qaynar münaqişə bölgələrinə reallaşdırdığı səfərlər zamanı müşahidələrindən bəhs etmiş, Ermənistanın Azərbaycanın Dağlıq Qarabağ və onun ətrafındakı 7 rayonun işğalı zamanı həyata keçirdiyi qanlı qırğınlar və etnik təmizləmənin nəticələri ilə bağlı geniş məlumat vermişdir. O, araşdırmalar üçün Dağlıq Qarabağa etdiyi səfər zamanı, xüsusən Xankəndi və Şuşada bütün tikililəri və mədəni abidələri dağıdılmış vəziyyətdə gördüyünü, bölgədə məskunlaşmış milliyətçi ermənilərdə müsahibə zamanı azərbaycanlılara və türklərə qarşı kin və düşmənçilik hisslərinin şahidi olduğunu, sadə və ziyalı insanlara qarşı zorla və məqsədli şəkildə aşılanmağa çalışılan bu düşüncə tərzinin münaqişənin həllində müstəsna rol oynayan xalqlar arasında dialoqa zərbə vurduğunu bildirmişdir.


Skot Teylor işğal olunmuş Azərbaycan torpaqlarından erməni silahlı qüvvələrinin qeyd-şərtsiz çıxarılmasına dair BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinin hələ də icra olunmamasını beynəlxalq hüquq müstəvisində böyük ədalətsizlik kimi qiymətləndirmişdir. O, Osmanlı dövründə, 1915-ci ildə baş vermiş hadisələrə də toxunaraq Türkiyənin arxivlərindən, eyni zamanda, həmin dövrdə Osmanlı dövlətində akkreditə olunmuş İngiltərə, Fransa baş konsullarının memuarlarından sitat gətirmiş və həmin sənədlərdə qondarma “erməni soyqırımı” iddiaları ilə bağlı heç bir tutarlı fakt və dəlillərə rast gəlmədiyini vurğulamışdır.


Qondarma “erməni soyqırımı” məsələsinin xarici ölkələrin parlamentlərində müzakirəyə çıxarılmasının tamamilə yanlış addım olduğunu vurğulayan Skot Teylor bu gün dünyadakı, o cümlədən Kanadadakı erməni diasporunun Türkiyə və Azərbaycan əleyhinə fəaliyyətinin fəal şəkildə davam etdirdiyini, öz çirkin ideologiyasını gerçəkləşdirmək üçün Ermənistan hakimiyyətini daim öz təsir dairələrində saxladığını bildirmişdir.


Tədbir iştirakçıları “Barışmaz fərqliliklər: Türkiyə, Ermənistan, Azərbaycan” kitabından bəhs edən qısa filmi seyr etdikdən sonra kanadalı müəllifə Cənubi Qafqaz, Suriya, Orta Şərqdə gedən proseslərlə bağlı suallarını ünvanlamışlar.


Sonda çıxış edən Heydər Əliyev Fondunun Rumıniyadakı nümayəndəliyinin rəhbəri İqbal Hacıyev etnik təmizləmə ilə müşayiət olunan Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasəti və onun ölkəmiz üzərində ağır nəticələrini geniş şəkildə işıqlandırdığına, eləcə də hadisələrə obyektiv, vicdanlı və dürüst yanaşdığına görə kanadalı müəllif Skot Teylora öz təşəkkürünü bildirmişdir. O, dünyada Dağlıq Qarabağ həqiqətlərinin təbliği ilə bağlı təşəbbüslərin dəstəklənməsində Heydər Əliyev Fondunun davamlı nəcib fəaliyyətindən bəhs etmiş, diqqəti bu kimi tədbirlərin vacibliyinə cəlb etmişdir.


FOTO