1.gif
15 may 2013

Bakıda Xocalı Soyqırımı Memorial Kompleksinin yaradılmasına başlanılıb

Bakıda Xocalı Soyqırımı Memorial Kompleksinin yaradılmasına başlanılıb.


Heydər Əliyev Fondunun layihəsi əsasında inşa olunacaq Memorial Kompleks Xocalı soyqırımı qurbanlarının xatirəsini əbədiləşdirmək və faciə barədə həqiqətləri dünya ictimaiyyətinə çatdırmaq məqsədi daşıyır.


Layihə rəmzi məna kəsb edən konsepsiya üzrə işlənililib. Konsepsiyaya əsasən, kompleksin həyətində fevralın sonlarında çiçək açan ağaclar əkiləcək. Bu, 1992-ci ilin fevralında qətlə yetirilmiş günahsız insanların yarımçıq qalmış ömrünü xarakterizə edir. Kompleksi dörd tərəfdən əhatə edən düzbucaqlı monolit isə Xocalı sakinlərini soyqırımından qorumağa çalışan rəmzi əllər formasında təsvir olunub.


Memorial Kompleksin maketi hazırda Heydər Əliyev Mərkəzində təşkil olunan “Mini Azərbaycan” layihəsi çərçivəsində sərgilənir.


Xocalı Soyqırımı Memorial Kompleksinin maketi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təqdim edilib. Layihə ilə tanış olan Prezident İlham Əliyev kompleksin inşasının həyata keçirilməsi üzrə müvafiq tövsiyə və tapşırıqlarını verib.


Memorial Kompleksdə 1992-ci il fevralın 26-na keçən gecə Xocalıda Ermənistan silahlı qüvvələri və Rusiyanın 366-cı motoatıcı alayı tərəfindən 613 nəfərin qətlə yetirilməsi, şəhərin tamamilə dağıdılması barədə faktlar təqdim olunacaq. Kompleksin quruluşu, burada yaradılan ab-hava, təqdim edilən materiallar həmin günlərdə Xocalıdakı hadisələri bir daha görməyə, bu faciənin dəhşətini yaxından hiss etməyə imkan verəcək.


Xocalı Soyqırımı Memorial Kompleksi faciə qurbanlarının xatirəsinə ucaldılmış “Ana fəryadı” abidəsinin yaxınlığında inşa olunacaq.


Heydər Əliyev Fondu Xocalı soyqırımı haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, bu faciənin Azərbaycan xalqına qarşı soyqırımı kimi tanıdılması istiqamətində mütəmadi olaraq tədbirlər həyata keçirir. Bu günədək həyata keçirilmiş layihələr çərçivəsində dünyanın müxtəlif ölkələrində Xocalı qətliamına dair faktlar yayılıb, yürüşlər təşkil edilib, internet vasitəsilə müxtəlif aksiyalar, o cümlədən faciənin soyqırımı kimi tanınması üçün imza toplama kampaniyası və s. keçirilib. Nəticədə Xocalı faciəsinə dair həqiqətlərin əhatə dairəsi və bu cinayəti soyqırımı kimi tanıyan ölkələrin sayı ilbəil artır.


Xocalı Soyqırımı Memorial Kompleksinin yaradılması Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazilərinin işğalı zamanı törətdikləri cinayətlərin dünyada olduğu kimi təqdim edilməsi, həmçinin bu qətliamın gələcək nəsillərin yaddaşında daim yaşadılması istiqamətində növbəti addımdır.


FOTO