1 iyun 2013

Misirdə “İRS” jurnalının ərəb dilində nəşr olunan ikinci nömrəsində Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın məqaləsi dərc edilib

Azərbaycan Respublikasının Misir Ərəb Respublikasındakı səfirliyinin və “İRS-Heritage” jurnalının redaksiya heyətinin birgə təşəbbüsü ilə ərəb dilində nəşr edilən “İRS” jurnalının 28 May - Respublika Gününə həsr olunmuş ikinci nömrəsi çapdan çıxıb.


Jurnalın bu nömrəsində Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın Qarabağ muğam məktəbi haqqında məqaləsi dərc edilib.


Məqalədə Azərbaycan muğam sənətinin vacib tərkib hissəsi kimi Qarabağ muğam məktəbinin özünəməxsus üslubu və ənənələri haqqında ətraflı məlumat yer alıb.


Jurnal ərəb dünyasını Azərbaycan xalqının zəngin tarixi-mədəni irsi, mədəniyyəti, incəsənəti, ədəbiyyatı, turizm imkanları, İslam sivilizasiyasının inkişafına verdiyi töhfələr, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü və torpaqlarımızın 20 faizinin ermənilər tərəfindən işğalının acı nəticələri haqqında hərtərəfli məlumatlandırmaq məqsədi daşıyır.


Bundan əlavə, jurnalda Firdovsiyyə Əhmədovanın Azərbaycan Xalq Cümhuriyyətinin əsas nailiyyətləri, Sübhi Əhmədovun Azərbaycan Silahlı Qüvvələrinin yaranma tarixi, Aydın Balayevin Qarabağ münaqişəsinin tarixi kökləri, Azərbaycanın Misirdəki səfiri Şahin Abdullayevin ölkəmizin siyasi-iqtisadi inkişaf modeli, eləcə də qədim məscidlərimiz, təbiət abidələrimiz, Nizami Gəncəvinin həyat və yaradıcılığı və Azərbaycanda numizmatika mədəniyyəti haqqında məqalələr dərc edilib.


Bütün ərəb dünyasında yayılacaq jurnalın mütəmadi əsasda nəşr edilməsi nəzərdə tutulub.