9 noyabr 2013

Heydər Əliyev Fondunun Türkiyə nümayəndəliyi jurnalistlərlə görüş keçirib

Heydər Əliyev Fondunun Türkiyədəki nümayəndəliyi Ankarada bu ölkənin aparıcı kütləvi informasiya vasitələrinin rəhbərləri ilə görüş təşkil edib.

 

Jurnalistlərə Heydər Əliyev Fondunun Azərbaycanda elm, təhsil, mədəniyyət, səhiyyə və digər sahələrdki fəaliyyəti haqqında məlumat verilib. Bildirilib ki, Fond Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın rəhbərliyi altında ölkəmizin hüdudlarından kənarda da müxtəlif sahələrdə mühüm layihələr həyata keçirir.

 

Görüşdə iştirak edən Türkiyənin nüfuzlu kütləvi informasiya vasitələrinin rəhbərləri müxtəlif vaxtlarda Azərbaycanda səfərdə olduqlarını bildirərək, ölkəmizdə müşahidə edilən surətli inkişaf proseslərini maraqla izlədiklərini qeyd ediblər. Onlar Bakının dünyanın ən gözəl şəhərlərindən birinə çevrildiyini söyləyiblər.

 

Türkiyəli jurnalistlər Azərbaycan Prezidenti İlham Əliyevin qarşıdakı günlərdə Ankaraya planlaşdırılan rəsmi səfərinin Türkiyədə böyük maraqla gözlənildiyini vurğulayıblar.

 

Sonda Heydər Əliyev Fondunun Türkiyə nümayəndəliyi qardaş ölkənin jurnalsitlərinin şərəfinə şam yeməyi verib.