02.JPG
31 yanvar 2012

Heydər Əliyev Fondunun təşkilati dəstəyi ilə rusiyalı tanınmış tarixçi və publisist Rudolf İvanovun kitablarının təqdimatı keçirilib

Yanvarın 31-də “Hilton Baku” hotelində Heydər Əliyev Fondunun təşkilati dəstəyi ilə rusiyalı tanınmış tarixçi və publisist Rudolf İvanovun kitablarının təqdimatı keçirilmişdir. R.İvanov Hüseyn xan Naxçıvanski və Cəmşid Naxçıvanski haqqında kitabların müəllifidir. 2009-cu ildə R.İvanov Azərbaycan-Rusiya əlaqələrinin inkişafına verdiyi töhfəyə görə Azərbaycan Prezidenti İlham Əliyevin Fərmanı ilə “Dostluq” ordeni ilə təltif edilmişdir.


Tədbirdə müəllifin “Azərbaycan həqiqətləri, Rusiyanın gəlişi və İran motivləri. XIX əsr Azərbaycan tarixi oçerkləri” və “Kəlbəli xan Naxçıvanski. Onun dövrü və irsi. Tarixi oçerklər” adlı yeni kitabları təqdim edilmişdir. Birinci kitaba ön sözü yazıçı, publisist, Milli Məclisin deputatı Elmira Axundova, ikinci kitaba – Naxçıvan Dövlət Universitetinin rektoru, Milli Məclisin deputatı İsa Həbibbəyli yazmışdır.


“Azərbaycan həqiqətləri, Rusiyanın gəlişi və İran motivləri. XIX əsr Azərbaycan tarixi oçerkləri” kitabına daxil edilmiş 9 tarixi oçerkdə Qafqazda baş vermiş hərbi hadisələr geniş işıqlandırılır, ermənilərin İrandan Azərbaycan ərazisinə köçürülməsi ilə bağlı tarixi faktlar verilir.


Rudolf İvanovun “Kəlbəli xan Naxçıvanski. Onun dövrü və irsi. Tarixi oçerklər” adlı kitabında Azərbaycanın əfsanəvi Naxçıvanski xanları sülaləsinin banisi Kəlbəli xan Naxçıvanskinin həyat və fəaliyyətindən bəhs edilir. Yazıçı bu əsərdə Türkmənçay müqaviləsi əsasında ermənilərin İrandan Azərbaycan torpaqlarına köçürülməsi barədə tarixi məlumatlara da yer ayırmışdır.


R.İvanov bu kitabların yazılmasında Rusiya Federasiyasının Rusiya Arxivinin, Rusiya Dövlət Qədim Aktlar Arxivinin, Rusiya Dövlət Hərbi-Tarix Arxivinin fondlarındakı materiallardan və digər mənbələrdən istifadə etmişdir.



FOTO