01_h_a-fondu-ruminiya-konfrans-universitet.jpg
21 noyabr 2013

Rumıniyada “Azərbaycan – Uğurlu inkişaf modeli” mövzusunda konfrans keçirilib

Noyabrın 21-də Buxarestdəki Rumın-Amerikan Universitetində Heydər Əliyev Fondunun dəstəyi ilə “Azərbaycan – Uğurlu inkişaf modeli” mövzusunda konfrans keçirilib.

 

Konfransda Rumın-Amerikan Universitetinin rəhbərliyi, müəllim-tələbə heyəti, Azərbaycan səfirliyinin əməkdaşları, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Rumıniya nümayəndəliyinin təmsilçiləri, Azərbaycan-Rumıniya Gənclər və Mədəniyyət Assosiasiyasının, Azərbaycan-Rumıniya Ticarət Palatasının üzvləri, Qara dəniz və Xəzər dənizi Beynəlxalq Əməkdaşlıq və Tərəfdaşlıq Fondunun, Rumıniyada yaşayan Azərbaycan, türk-tatar icmalarının nümayəndələri iştirak ediblər.

 

Rumın-Amerikan Universitetinin rektoru Ovidiu Folcut bu ali təhsil ocağına göstərdiyi diqqət və qayğıya görə Heydər Əliyev Fonduna, Fondun prezidenti Mehriban Əliyevaya təşəkkürünü bildirib.

 

Rektor tədbir iştirakçılarına universitetdə fəaliyyət göstərən Azərbaycan Araşdırmalar Mərkəzi barədə məlumat verib, tələbələri bu mərkəzlə sıx əlaqə qurmağa çağırıb.

 

Heydər Əliyev Fondunun Rumıniya nümayəndəliyinin direktoru İqbal Hacıyev Azərbaycanın tarixindən, mədəniyyətindən, iqtisadiyyatından, sürətli inkişafından danışıb. O, ümummilli lider Heydər Əliyevin Azərbaycanın müstəqilliyinin qorunması, dövlətçiliyin möhkəmləndirilməsi, qısa müddətdə ölkədə sabitliyin bərqərar olması, sürətli inkişaf proseslərinin başlanması ilə bağlı misilsiz xidmətləri haqqında interaktiv təqdimatla çıxış edib. İ.Hacıyev Heydər Əliyev Fondunun Rumıniyadakı nümayəndəliyinin fəaliyyəti haqda da danışıb.

 

Buxarest Yazıçılar Assosiasiyasının sədri Horia Gırbea “Azərbaycan rumın vətəndaşının gözü” ilə adlı interaktiv təqdimatla çıxış edib. O, Azərbaycanın tarixi, mədəniyyəti, ədəbiyyatı, ölkəmizin inkişafı, regionda lider dövlətə çevrilməsindən danışıb. Horia Garbea Azərbaycana səfəri ilə bağlı təəssüratlarını iştirakçılarla bölüşüb. O, həmçinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin acı nəticələrindən də bəhs edib.

 

Azərbaycanın Rumıniyadakı səfirliyinin müşaviri İrfan Davudov ölkəmizin xarici siyasətinin əsas istiqamətləri barədə məlumat verib, hazırda Azərbaycanın siyasi və iqtisadi sahələrdə əldə etdiyi uğurların əsasının ümummilli lider Heydər Əliyev tərəfindən qoyulduğunu bildirib.

 

ARDNŞ-in Rumıniya nümayəndəliyinin direktoru Həmzə Kərimov isə Azərbaycanın təşəbbüsü ilə reallaşan layihələrdən danışıb, bu layihələrin hesabına Qafqaz və Xəzər regionu ilə yanaşı, Avropanın da enerji xəritəsində böyük dəyişikliklərin olduğunu söyləyib.

 

Universitetin professoru Florin Bonciu Azərbaycanın dinamik inkişafını başqa dövlətlərə nümunə göstərib, qlobal iqtisadi böhran dövründə Azərbaycanın nailiyyətlər qazanmasının təqdirəlayiq olduğunu vurğulayıb.


FOTO

VİDEO